Xanlıq-Qubadlı yolu rayonun sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biridir.
Oktyabrın 25-i Qubadlı Şəhəri Günüdür. Qubadlı şəhərinin azad olunması 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Bu əməliyyat xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu tapşırığın da öhdəsindən rəşadətlə gələrək oktyabrın 25-də şəhəri düşməndən təmizlədi. Döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 15212 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. Hazırda Qubadlı şəhərində abadlıq-quruculuq işləri aparılır, yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. İnanırıq ki, Qubadlı yaxın gələcəkdə ölkəmizin ən inkişaf etmiş rayonlarından biri olacaq.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021- ci il oktyabrın 25-də Qubadlı rayonuna səfər çərçivəsində Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak ediblər.
Dövlətimizin başçısına və birinci xanıma Şərqi Zəngəzur iqtisadi rayonunda tikintisi aparılan avtomobil yolları barədə məlumat verilərkən bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri də Xudafərin-Laçın yoludur. Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən bu yolun uzunluğu 56,4 kilometrdir. Qubadlı-Eyvazlı avtomobil yolunun uzunluğu 26 kilometr, eni 3,5 metr olacaq. Qubadlı-Xınzirək avtomobil yolunun isə uzunluğu 23,5 kilometr, eni 3,5 metr olacaq. Hər iki yol iki hərəkət zolaqlı inşa edilir.
Bu yollar Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində tikilir. Xudafərin-Laçın avtomobil yolunun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 14 kilometr uzunluğunda yeni avtomobil yolu inşa ediləcək. Prezident İlham Əliyevin tapşırığına əsasən, Qarabağın inkişaf planı nəzərə alınmaqla Xudafərin-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları dörd hərəkət zolaqlı olacaq. Yeni inşa olunan yollar işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, bu rayonların 30-dan çox yaşayış məntəqəsini əhatə edir.
Fərqanə Əliyeva,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri