Loading

Məktəb və ailə gənclərin doğma torpaqlarımıza qayıtmağının vacib amilidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edərək məktəb və ailənin gənclərin doğma torpaqlarımıza qayıtmağının vacib amili olduğunu xüsusilə vurğulayıb. Prezident qeyd edib ki, “Məsələn, mən həm Zəngilanda, həm Laçında uşaqlarla söhbət əsnasında maraqlanırdım. Yəni, Bakıda doğulmuş, böyümüş, necə deyərlər, böyük şəhərin ab-havasına öyrəşmiş uşaq, yeniyetmə gəlib indi bir qədər uzaqda yerləşən şəhər və kənddə necə yaşayır? Onlar ürəkdən deyirdilər ki, bu, böyük xoşbəxtlikdir. Bu, o cümlədən sizin, yəni, böyük nəslin tərbiyəsidir. Çünki onlar evlərdə də, məktəblərdə də bu tərbiyəni görüblər. Ona görə məktəb və ailə bizim buraya qayıtmağımızın vacib amilidir. Çünki qoymadıq ki, gənclər unutsun. Qoymadıq ki, Qarabağ mövzusu silinsin. Halbuki bunu bizə aşılamaq istəyən bir çox ölkələr, qüvvələr var idi, yəni, barışmaq lazımdır, Ermənistanla əməkdaşlığa başlamaq lazımdır. Bir çoxları təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Biz göstərdik ki, var və bu yaxınlarda bir daha göstərdik, bu mövzu bağlandı!

“Biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdilər. Gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Şəhidlərin qəhrəmanlığı unudulmazdır. Belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur. Əziz şəhidlərimizin xatirəsinə dərin ehtiramımızı ifadə edirik. Bu günə görə biz onlara borcluyuq. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. Hərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Bu gün onların ruhu şaddır ki, insanlar öz doğma torpaqlarına qayıdır. Şəhidlərimiz canlarını fəda edərək tarixi Zəfər çalıblar”, – deyə Prezident İlham Əliyev sakinlərlə görüşdə bildirib.

 

Aynurə Aslanova,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın