Loading

Prezident İlham Əliyev Qarabağa səfəri çərçivəsində Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib.

Ümummilli Liderin inkişaf strategiyasını yeni çağırışlar şəraitində yaradıcı surətdə davam etdirən möhtərəm Prezident İlham Əliyevin daxili və xarici siyasəti ölkəmizə heyrətamiz uğurlar gətirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əzəli tarixi torpaqlarımızın Ermənistanın 30 illik işğalından qurtarılması, tarixi ədalətin, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açmışdır.

Oktyabrın 15-də cənab İlham Əliyevin Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərində, Əsgəran qəsəbəsində Dövlət Bayrağını ucaltmasını bütün xalqımız böyük qürurla izlədi. Üç il öncə eyni duyğuları biz Şuşada, Laçında, Ağdamda, Kəlbəcərdə və digər şəhərlərdə bayrağımız yüksələrkən yaşamışdıq.

Möhtərəm Prezidentin Xankəndi şəhərində etdiyi proqram xarakterli çıxış onun Ulu Öndər Heydər Əliyev və xalqımız qarşısında bir növ hesabatı idi. Cənab Prezidentin də dediyi kimi, onun rəhbərliyi ilə 20 il ərzində görülən işlər Azərbaycanın iqtisadi, siyasi və hərbi potensialının artırılmasına, torpaqlarımızın işğaldan azad edilməsinə, xalqımızın firavan həyatının qurulmasına yönəlmişdir. Həyata keçirilən dövlət siyasəti milli maraqlarımızın qorunmasını və irəli aparılmasını təmin edib. Düşmən üzərində qazanılan möhtəşəm qələbə Ulu Öndərin 100 illik yubileyinə ən böyük töhfə olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 15-də Qarabağ iqtisadi zonasına səfəri çərçivəsində Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında da iştirak edib. İstirahət parkında görülən işlər barədə dövlətimizin başçısına məlumat verilərkən bildirildi ki, 1970-ci illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarının ətrafında yaradılan parkda əhalinin asudə vaxtının səmərəli təşkili üçün sahilboyu gəzinti cığırları salınıb, oturacaqlar, söhbətgahlar, uşaqlar üçün əyləncə meydançası, idman qurğuları quraşdırılıb. Ərazisi 7,5 hektar olan parkda, həmçinin turist informasiya mərkəzi, kafe, üzən estakada, turistlərə xidmət göstərəcək nəqliyyat vasitələri üçün avtodayanacaq yaradılıb. Burada geniş yaşıllaşdırma işləri görülüb, 5 minə yaxın ağac və kol əkilib.

Xatırladaq ki, Suqovuşan istirahət parkının təməli 2022-ci il martın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Belə geniş ərazidə təməlqoyma mərasimindən ötən qısa müddət ərzində gözoxşayan istirahət parkının yaradılması olduqca füsunkar, bənzərsiz təbiəti olan və tarixi abidələrlə zəngin Qarabağ bölgəsinin tezliklə Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcəyini sübut edir. Suqovuşanda turizm infrastrukturunun yaradılması prosesinin ikinci mərhələsində isə yeni körpünün inşası, tarixi körpünün və ərazidəki məbədin, eləcə də məbədin ətrafındakı tarixi tikililərin konservasiyası, mövcud Bayraq meydanının parka adaptasiyası həyata keçiriləcək, genişmiqyaslı abadlıq işləri görüləcək.

Gülrux Nağıyeva,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın