“Zəfərlərimiz daim olsun!”
Hər bir xalq, hər bir dövlət öz Lideri, böyük şəxsiyyətləri ilə tanınır. Xalqın adı və imzası da tarixə məhz həmin dövlət xadimlərinin fəaliyyəti, siması ilə həkk olur. Müdrik və uzaqgörən siyasi fəaliyyəti ilə tarixin mürəkkəb, ziddiyyətli proseslərini dövlətçiliyin xeyrinə dəyişməyi bacaran, ölkəni və xalqı ucaldan da həmin Liderlər, böyük şəxsiyyətlər olur. Müasir Azərbaycanımızın banisi Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunun uğurlu varisi dövlətçiliyimizin qoruyucusu, milli tərəqqi yolunun memarı möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev millətin azadlıq çırağının əbədiyyət məşəli, yüksəlişinin bayraqdarı, vətənin inkişaf tarixinin müəllifləridir. Yaxın tariximizə nəzər salsaq, müstəqil Azərbaycanımızın uğur, zəfər tarixləri, əlamətdar tarixi hadisələri məhz Ulu Öndər və cənab İlham Əliyevin adı ilə bağlıdır. Bu günlərdə, 15 oktyabr tarixində xalqın Lideri İlham Əliyev hakimiyyətinin 20 illiyində sözünü imzası ilə təsdiq edərək Respublikamızın müstəqəlliyi, ərazi bütövlüyü istiqamətində yeni uğurunu xalqına, bütün dünyaya təqdim etdi. Böyük bacarıq, zərgər dəqiqliyi və müdrikliklə ərazi bütövlüyümüzün bərqərar olunmasını təmin etdi. 15 oktyabr 2023-cü ilin tarixdə möhtərəm Prezidentimiz İlham Əliyev 100 il bundan öncə xalqımızın düşmənləri tərəfindən 1923-cü ildə muxtariyyət statusu verilmiş Qarabağın işğalının başlama tarixinin də üstündən beləcə xətt çəkdi. Qəhrəman əsgər və zabitlərimizin, vətənsevər oğullarımızın hünəri ilə doğma torpağımızın, Qarabağımızın bütünlüklə azad olunmasını təmin edərək “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin 100 illiyi və prezidentliyinin 20 illiyi münasibətilə xalqa böyük töhfəsini bəxş etdi. 20 il bundan öncə ilk dəfə Prezident seçilən möhtərəm Ölkə başçısı xalqın böyük inam və etimadını doğruldacağına, vətəni, milləti yüksəldəcəyinə söz verdi. Xalqın ən böyük arzusunu reallaşdırmaq üçün durmadan çalışdı, bütün çətinliklərə, ağır sınaqlara sinə gərərək “doğma torpaqlarımızı nəyin bahasına olursa-olsun azad edəcəyik”- ifadəsini əməli ilə təsdiq etdi, Prezidentliyinin 20 illiyində bütöv Qarabağımızda Zəfər bayrağımızı ucaltdı. Bəli, Ali Baş Komandan cənab İlham Əliyev qalib xalqın, qalib Lideri olaraq uğurları ilə xalqımızın şanını ucaltdı, adını tarixə qızıl hərflərlə yazaraq, bütün türk dünyasının böyük sevgisinə sahib oldu. Böyük qürur hissi keçiririk, çünki Azərbaycan bu gün bütün türk dünyasının vüqar, əzəmət və ləyaqət simvoluna çevrilmişdir. Yüksəliş dövrünü yaşayan Respublikamız 15 oktyabr 2023-cü il hadisəsi ilə tarixdə yeni uğurunu yazdı, ucalıq gününü həkk etdi. Bu böyük tarixi hadisə Ölkəmizin gücünü, qüdrətini bir daha bütün dünyaya göstərdi, cənab Prezidentin “sözümüz imzamızdır”-deyiminin möhtəşəm nəticəsi ilə xalqımızın əzm, iradə və cəsarətinə bir daha şahidlik etdirdi. Bu gün xalqımız Ulu Öndər ideyalarının işığı və bayraqdarlığı ilə möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək doğma torpaqlarımıza, bütöv Qarabağımıza qovuşdu. Bu böyük qovuşma Azərbaycanın dövlət müstəqilliyinin bütün ərazilərimizdə bərpası, 32 il bundan öncə bünövrəsi qoyulan müstəqilliyimizin tərəqqi yolunun uğurlu davamıdır. Buna görə xalqımız möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə daim minnətdardır. Ölkəmizin keşməkeşli yaxın tarixini nəzərə alsaq Azərbaycanımızın çox çətin məqamlardan ən yüksək mərtəbəyə ucaldığını görmüş olarıq. Dövlətçiliyimizə sahib çıxmaqla onu inkişaf və tərəqqiyə aparan Ölkə başçısı imkansızı mümkün etməklə qalibiyyət bayrağımızı ucaltdı, xalqı kimliyinə, müzəffərliyinə qovuşdurdu. Böyük fəaliyyəti ilə vətən naminə şanlı tarix yazaraq, xalqımıza 20 il bundan öncə etdiyi seçimin tarixi qürurunu yaşatdı. Siyasi hakimiyyətə gəlişinin ilk illərindən başlayaraq öz dəsti-xətti, səriştəsi, bacarığı və əməli fəaliyyəti ilə Ölkəmizin iqtisadi gücünü, hərbi qüdrətini, beynəlxalq nüfuzunu yüksəltməkdən ötrü qətiyyətlə çalışdı, Azərbaycanın inkişaf qapısının açarı oldu. Hazırda Azərbaycanın regionda söz sahibinə çevrilməsi, diplomatiyası, siyasi qüdrəti ilə tanınması möhtərəm Przidentimiz cənab İlham Əliyevin əvəzsiz xidmətlərinin nəticəsi, yüksək idarəçilik bacarığı və diplomatik məharətinin təsdiqidir. Ölkədə gerçəkləşdirilən layihələr, tikinti-quruculuq fəaliyyəti, 30 illlik işğal nəticəsində dağıdılmış Qarabağın yenidən qurulması, eləcə də soydaşlarımızın əzəli torpaqlarımıza müntəzəm qayıdışının təmin olunması Dövlət başçısının xalq, millət, vətən yolunda ölçüyəgəlməz xidmətləridir. 15 oktyabr 2023-cü il xalqımızın fəxarət tarixidir, Qarabağımızın bütünlüyünə, Azərbaycanımızın bütövlüyünə qovuşduğu böyük gündür. Möhtərəm Prezidentimiz, Muzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızı çoxdan gözlədiyi arzusuna çatdıraraq, Ağdərədə, Sərsəng su anbarında, Xocavənddə, Əsgəranda, nəhayət Xocalı və Xənkəndidə bayrağımızı ucaltdı. Bu tarixi gün həmin ərazilərimizin yenidən doğuşu, dirçəlişinin tarixi təməlidir. Artıq bütöv Qarabağda qəhrəman oğullarımızın rəşadəti, Şəhidlərimizin qanı bahasına ucaldılmış bayrağımız əzəmətlə dalğalanır və hər dalğasında “biz qayıtdıq”, “biz bu torpağın sahibiyik” şüarını vüqarla bütün dünyaya çatdırır. Bəli, bu Ulu Öndər ideologiyasının zəfər çağı, Heydər Əliyev məktəbinin layiqli və uğurlu davamçısı İlham Əliyevin yaratdığı yeni Azərbaycan modelinin tərəqqi sorağı, müzəffər xalqımızın böyük təntənəsidir. Bu qüruru, bu şanı xalqımıza yaşadan dövlət Başçımıza eşq olsun! – deyirik. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!-ümumxalq alqışı ilə möhtərəm Prezidentimiz İlham Əliyevə Azərbaycan və azərbaycançılıq yolunda yeni-yeni zəfərlər arzulayırıq!
Nəzakət Quluqızı
Neftçala rayon sakini, ictimai fəal