Loading

Azərbaycan – MDB əlaqələri.

Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” əsasında təsis edilmişdir. 24 sentyabr 1993-cü il tarixində MDB dövlət başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə daxil olmasına dair qərar qəbul olunmuşdur.

MDB çərçivəsində əsasən 9 əməkdaşlıq istiqaməti mövcuddur və təşkilatın ümdə məqsədi iqtisadi, hərbi-siyasi və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Hal-hazırda MDB-də 8-i nizamnamə, 69-u sahəvi əməkdaşlıq orqanları və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir.

Azərbaycan Respublikası MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir. Bununla yanaşı, Azərbaycan Respublikası MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır.

MDB-nin gələcək inkişaf Konsepsiyasına dair dövlət başçıları Şurasının 5 oktyabr 2007-ci il tarixli qərarı ölkəmiz tərəfindən xüsusi rəylə imzalanmış və həmin xüsusi rəydə Azərbaycan Respublikasının MDB çərçivəsində fəaliyyətinin əsas prinsipləri öz əksini tapmışdır.

Ötən dövrdə MDB özünü müstəqil dövlətlərin səmərəli əməkdaşlıq platforması kimi təsdiqləyib. Quruma daxil olan dövlətlər bir sıra istiqamətlər üzrə öz fəaliyyətlərini uzlaşdırıblar ki, bu da regional təhlükəsizliyin təmin olunmasına və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın dərinləşməsinə öz müsbət təsirini göstərib. O cümlədən terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, iqtisadi sahədə cinayətkarlıq, qanunsuz miqrasiya, insan alverinə qarşı mübarizə məsələləri MDB-yə daxil olan dövlətlərin qarşılıqlı fəaliyyətinin əsas istiqamətlərini təşkil edib. Ötən dövrdə birliyin hüquq-müqavilə bazası möhkəmlənib. İnnovasiyalar, nüvə energetikası, nəqliyyat təhlükəsizliyi sahələrində sazişlər qüvvəyə minib. Saxta məhsulların yayılmasına qarşı, əqli mülkiyyətin qorunması ilə bağlı sənədlər qəbul olunub. Birlik ölkələri arasında korrupsiyaya, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə üzrə əməkdaşlığın konsepsiyalarının işlənib hazırlanması və bəyənilməsi böyük aktuallıq daşıyır. Eləcə də yuxarıda bəhs olunan tədbirlərdə vurğulandığı kimi, MDB çərçivəsində qəbul edilən sənədlərə müvafiq olaraq iqtisadi sahədə əməkdaşlıq yaxşı nəticələr verib. Təsadüfi deyil ki, qurum daxilində, həmçinin MDB-dən üçüncü ölkələrlə mal dövriyyəsi getdikcə artır.

Cari ilin oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası Birlik daxilində əlaqələrin inkişafı baxımından olduqca əhəmiyyətli hesab olunur. İclasda çıxış edən Prezident İlham Əliyev MDB ölkələri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin artan dinamikasını yüksək qiymətləndirərək bildirmişdi: “Keçən il Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il artım 20 faizdən də çoxdur. Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Bu iki nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək.”

 

Fəyyaz Quliyev,

YAP Neftçala rayon təşkilatının üzvü

Bir cavab yazın