Loading

Qalib Sərkərdə!

 

Azərbaycan dövlətinin və xalqımızın çoxəsrlik tarixində xüsusi əhəmiyyət kəsb edən elə günlər var ki, həmin günlərdə gələcək inkişafımızı müəyyən edən önəmli başlanğıcların əsası qoyulub. Bu mənada 15 oktyabr tarixi təqvimimizdə ən əhəmiyyətli günlərdən biri hesab edilir. Belə ki, 2003-cü il oktyabr ayının 15-də Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev qədirbilən xalqımızın böyük etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarixi hadisə ilə Ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Əminliklə demək olar ki, Azərbaycan xalqı 2003-cü ildə İlham Əliyevi Prezident seçməklə öncə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu qərar və seçimlə xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha nümayiş etdirdi. Xalqımız bir daha göstırdi ki, sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfindədir. Həmin vaxt dünyanın əsas güc mərkəzləri olan Amerika Birləşmiş Ştatları, Rusiya, Avropa Birliyi və digər dost və tərəfdaş ölkələr İlham Əliyevin Prezident seçilməsini çox uğurlu addım kimi qiymətləndirərək onunla əməkdaşlığa hazır olduqlarını bəyan etdilər. Cənab İlham Əliyev Prezident seçildikdən sonra qüdrətli Azərbaycan uğrunda çağırışı ilə milyonları öz ətrafında topladı. Ulu Öndər siyasi kursuna sadiq qalaraq ölkədə demokratik, hüquqi dövlət quruculuğu prosesini uğurla davam etdirdi. Müzəffər Ali Baş Komandan müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinə töhfələr verdi. Ölkəmizin təmsil olunduğu bütün beynəlxalq təsisatlarda milli maraqlarımız hər zaman qorundu. Cənab Prezident ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması üçün davamlı, düşünülmüş addımlar atdı. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına uyğun olaraq rayonlarda infrastruktur layihələri reallaşdırıldı. İdman, sağlamlıq, təhsil obyektləri və müəssisələri yenidən quruldu. Bu tədbirlər ən ucqar rayonlarımızda da istisnasız həyata keçirildi. Qeyd etmək lazımdır ki, bu gün “Böyük Qayıdış” proqramının həyata keçirildiyi dövrdə də həmin siyasət paralel aparılır. Azərbaycanın heç bir rayonu, guşəsi diqqətdən kənarda qalmır. Hər il onlarla təhsil, səhiyyə, idman obyektləri tikilir, əsaslı bərpa edilir. Xüsusi qeyd edilməli məqamlardan biri odur ki, Azərbaycan Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkənin təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir gücə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir. Ölkəmizin enerji ehtiyatları, həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir. Bu da öz növbəsində  Ölkəmizin ümumi daxili məhsulunun, əsas maliyyə – iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Cənab Prezidentin iyirmi illik prezidentliyi dövründə Azərbaycan, həm də mövcud olduğu dönəmlərin ən böyük uğuruna nail oldu. Bir sözlə, bacarıqlı dövlət xadiminin, əsl Liderin yanına bir söz də əlavə olundu – Qalib Sərkərdə! Dünyanın ən nüfuzlu siyasi dairələrinə cənab Prezident İlham Əliyevin güclü siyasətçi, iqtisadçı, diplomat keyfiyyətləri çoxdan məlumdur. Son üç ildə isə dünya dövlətimizin başçısının daha çox Ali Baş Komandan keyfiyyətlərini müzakirə edir. Bəli cənab İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı. Əminliklə demək olar ki, Cənab Prezident xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Qısa xülasə olaraq deyə bilərik ki, Ölkəmizin bütün sahələrində sürətli inkişafa nail olunub, insanların rifah halı yaxşılaşıb, Azərbaycanın siyasi, iqtisadi imkanları genişlənib, beynəlxalq arenadakı mövqelərimiz möhkəmlənib və ən əsası, 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz tam bərpa edilib. Ölkəmiz 44 günlük Zəfər savaşından sonra regionda yeni reallıq formalaşdırıb. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq və irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Artıq Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əsas məqsəd Azərbaycan dövlətini daha qüdrətli etməyə hədəflənib.

 

         Vidadi Həmzəyev;

         Neftçala rayon ağsaqqalı

Bir cavab yazın