“Azərbaycan bu gün də, gələcəkdə də Rusiya ilə səmimi münasibətlərə, yaxşı tərəfdaşlıq münasibətlərinə malik olmalıdır.”
Azərbaycan Respublikasının milli mənafelərinin qorunmasına xidmət edən xarici siyasət kursunun işlənib hazırlanması və gerçəkləşdirilməsi bütövlükdə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun güclü dövlətçilik təfəkkürü Azərbaycan Respublikasının beynəxalq əlaqələrinin düzgün qurulmasına imkan yaratmışdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu.
Ulu Öndər, ilk növbədə keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Ulu Öndər bu barədə demişdir: “Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir, dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əlaqələr saxlamaq, sülhü, əmin-amanlığı qorumaq, qonşularla mehribanlıq, əmin-amanlıq, sülh şəraitində yaşamaq, bütün başqa ölkələrlə də mehriban əlaqələr yaratmaq və bütün sahələrdə geniş əməkdaşlıq etmək siyasətidir.”
Heydər Əliyev Azərbaycanın dövlətçilik müxtəlif dövlətlərin bütövlükdə Qafqaz və bilavasitə respublikamız üzərində qurulmuş iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq, çevik manevrlər və xüsusi taktiki gedişlər etdi. Xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Rusiyanın Cənubi Qafqazda güclü nüfuzunu nəzərə alan Ümumilli lider Heydər Əliyev özünün xarici siyasətində şimal istiqamətinə xüsusi diqqət yetirirdi. İkitərəfli əlaqələrin qurulmasında və möhkəmlənməsində Prezidentlərin qarşılıqlı səfərləri, Xəzər dənizinin milli sektorlara bölünməsi üzrə Azərbaycan Rusiya sazişi, eləcə də hər iki tərəfin təhlükəzliyinin təmin edilməsi də daxil olmaqla müxtəlif sahələr üzrə əməkdaşlıqlar mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası Ali Sovetinin sədri kimi Heydər Əliyev 15 iyun 1993-cü ildə Milli Məclisin iclasındakı ilk çıxışında iki ölkə arasında münasibətlər qurulmasının vacibliyini belə şərh etmişdi: “Rusiya çox böyük dövlətdir, bizim şimal qonşumuzdur. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında münasibətlər bundan sonra daha yaxşı, daha geniş, səmərəli olmalıdır.”
İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ilin iyulun 3-də imzalanmış Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilədir. Bu müqavilənin imzalanmasından sonra iki ölkə arasında geniş əməkdaşlığın əsası qoyuldu. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2-4 iyul 1997-ci il tarixlərində Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin dəvətilə bu ölkəyə ilk rəsmi səfəri isə ikitərəfli münasibətlərin qurulmasında ən əhəmiyyətli hadisələrdən oldu.
2000-ci ildə Vladimir Putinin Rusiya Federasiyasının Prezidenti seçilməsi ilə bu ölkənin rəhbərliyi Azərbaycanla münasibətlərdə daha praqmatik vəzifələr və priritetlər irəli sürməyə başladı. Əvvəlki dövrdən fərqli olaraq yalnız MDB çərçivəsində inteqrasiya məqsəd seçilmədi, hər iki ölkənin milli maraqları daha vacib elan olundu. Sonrakı dövrdə Azərbaycan və Rusiyanın sıx dostluq münasibətləri qurması üçün əhəmiyyətli siyasi baza formalaşdırıldı. İki ölkə arasında bu günə kimi 150-dək hökumətlərarası sənəd imzalanıb. Bu sənədlər siyasi, hərbi-texniki, təhlükəsizlik, iqtisadi (ticarət, investisiya, maliyyə, yanacaq-energetika sahəsində əməkdaşlıq, Azərbaycan neftinin Rusiya ərazisi ilə nəql olunması), elmi, mədəni, həmvətənlərin hüquqlarının təmin olunması sahələrini əhatə edir.
İki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsində xüsusi rolu və xidməti olan Ulu Öndər qeyd etmişdir ki, “Azərbaycan bu gün də, gələcəkdə də Rusiya ilə səmimi münasibətlərə, yaxşı tərəfdaşlıq münasibətlərinə malik olmalıdır.” Göründüyü kimi, Heydər Əliyev Azərbaycanın beynəlxalq münasibətlərini formalaşdırmaq və inkişaf etdirmək üçün böyük bir səy göstərmiş və bu, ölkənin müstəqil bir dövlət kimi beynəlxalq arenada tanınmasına və nüfuz qazanmasına səbəb olmuşdur. Onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq arenada daha güclü və təsirli bir mövqe əldə etmişdir.
Fərqanə Əsgərova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini