Loading

Dayanıqlı inkişafı təmin edən təşəbbüslər.

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. Həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır.

30 illik işğalın Azərbaycan xalqı üçün ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən İslam dininə aid bütün abidələrə qəsdən vurulmuş ziyandır. Əfsuslar olsun ki, bu dövrdə 67 məsciddən 65-i yerlə-yeksan edilmiş, qalan məscidlərə qarşı isə heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədilmişdir. Bu günlərdə daha bir məscidin – Malıbəyli məscidinin dağıdılması və tövlə kimi istifadə edilməsi faktı aşkar edilmişdir. Bütün bunlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunması deməkdir.

Azərbaycanın İƏT-də sədrlik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” kimi müəyyən edilməsi hazırkı dövrdə xüsusi aktuallıq kəsb edir. Dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir. Eyni zamanda “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir.

Açıq və səmərəli müzakirələrin aparılması üzrə beynəlxalq platforma – İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün əhəmiyyətli platformadır.

 

Bahar Məcidova,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın