Cari səfər Prezident İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəridir.
Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir. Çünki tarixən hər iki ölkə mehriban qonşuluq ənələrinə sadiq qalaraq münasibətlərini hərtərəfli şəkildə ildən-ilə daha da gücləndiriblər. Eyni zamanda Azərbaycan-Gürcüstan daim Cənubi Qafqazda sülh tərəfdarı olaraq təşəbbüslərlə çıxış ediblər. Prezident İlham Əliyevin cari ilin 8 oktyabr tarixində Tbilisidə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatında iki dövlət arasındakı əməkdaşlığın davamlı inkişafından da danışıb: “Ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri güclənir və möhkəmlənir. Ənənəvi görüşlər ölkələrimizin bir-birinə daha yaxın olması və xalqlarımızın bir-biri ilə daha da sıx dostluq etməsinə xidmət edir.”
Azərbaycan-Gürcüstan Prezidentlərinin mütəmadi səfərləri əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir. Cari səfər Prezident İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəridir. Bundan əvvəl ötən il oktyabrın 24-də dövlətimizin başçısı Gürcüstanda (Mçxetada) işgüzar səfərdə olub. Eyni zamanda, bu il aprelin 7-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəmizə (Qəbələyə) işgüzar səfər edib. Bu iki səfər Azərbaycan Prezidentinin və Gürcüstan Baş nazirinin görüşlərinin müntəzəmliyini artırıb, səfərlərin paytaxtlara deyil, bölgələrə həyata keçirilməsi kimi yeni bir ənənə yaradıb. Hər bir səfər yeni plan və layihələrin, eləcə də əməkdaşlıq istiqamətinin yaramasına rəvac verir. Bu səfərlər çərçivəsində maraqlı tədbirlər, mərasimlər də keçirilir.
Prezident İlham Əliyevin cari ilin oktyabrın 8-də Gürcüstana səfəri zamanı Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “The Architect of Prosperity” – “Firavanlığın memarı” adlı fotosərginin nümayiş olunması dövlətlərimiz arasında münasibətlərin səviyyəsindən xəbər verir. Səfər zamanı Dövlətimizin başçısına və Gürcüstanın Baş nazirinə sərgi ilə bağlı məlumat verilib. Qeyd olunub ki, Azərbaycanı müasir və iqtisadi cəhətdən çiçəklənən ölkəyə çevirən Ümummilli Liderə ehtiramın ifadəsi olan bu sərgi Ulu Öndərin bütün həyatını dövlətçiliyimizə və xalqımıza həsr etməsindən və ölkənin gələcək inkişafının əsasını necə müdrikliklə qoymasından bəhs edir.
Rüfət Quliyev,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini