Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var.
Bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı-faydalı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələr arasındakı əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir. Onu da qeyd etmək lazımdır ki, ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Qeyd edək ki, Gürcüstanla əlaqələrin tarixi 1992-ci illərə təsadüf edir. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əsaslı zəmin yaratmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə iki dövlət arasındakı münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. Gürcüstanla ölkəmiz arasındakı münasibətlər mükəmməl hüquqi bazaya malik olmaqla yanaşı, siyasi, iqtisadi və sosial-humanitar sahələri də özündə birləşdirir. Gürcüstan, həmçinin regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir.
Şimal-qərb qonşumuzla əlaqələr özünü iqtisadi sahədə daha çox büruzə verir. İlk olaraq iki ölkəni bir-birinə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bundan başqa, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər qurumlar çərçivəsində əməkdaşlıqlar da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan, həmçinin Gürcüstana ən çox investisiya yatıran ölkələr sırasındadır. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) timsalında dövlətimiz Gürcüstana 1.5 milyard ABŞ dollarından çox sərmayə yatırmışdır. Əlavə olaraq, SOCAR Gürcüstanın ən böyük vergi ödəyicilərindən biri hesab olunur. Şirkət Gürcüstanın sosial sahə üzrə layihələrinə təkcə 100 milyon ABŞ dolları dəyərində yatırımlar etmişdir. Bu addımlar iki ölkə arasındakı strateji əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaratmışdır. Onu da vurğulayaq ki, 44 günlük Vətən müharibəsində Azərbaycanı dəstəkləyən ölkələrdən biri də məhz Gürcüstan olmuşdur. Belə ki, İkinci Qarabağ müharibəsi zamanı Gürcüstanın Azərbaycanın yanında olması, xain Ermənistana silah daşınmasında tranzit ölkə olmaqdan imtina etməsi Gürcüstanın qonşuluq vəzifəsini yüksək səviyyədə icrasından xəbər verir. Sentyabrın 27-dən başlayan hərbi əməliyyatlarda Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini rəsmi şəkildə bəyan etmişdir.
Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələri daha da möhkəmləndirən səbəblərdən biri də həyata keçirilən rəsmi səfərlərdir. Xatırladaq ki, oktyabrın 8-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə Gürcüstana rəsmi səfər edib. İki ölkə arasında münasibətlərə nəzər saldıqda qeyd etmək yerinə düşər ki, bu səfər Prezident İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəridir və ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır. Səfər çərçivəsində dövlətimizin başçısının Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olmuşdur. Həmin gün Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “The Architect of Prosperity” – “Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olublar. Sonra Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər. Dövlət rəhbərlərinin bəyanatlarında bir sıra vacib məsələlərə toxunulub. Birgə mətbuata bəyanatında Prezident İlham Əliyev Azərbaycanın və Gürcüstanın hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayaraq bildirib: “Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın maraqlarını əks etdirən bu və ya digər məsələlərdə bir-birimizi dəstəkləyirik və bir-birimizin yanındayıq. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir.”
Həmçinin, ölkə başçısı qeyd edib ki, “Gürcüstan ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur. Strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik.”
Ərəstun Əskərov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini