Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllini tapmağa və işğala dinc yolla son qoymağa çalışırdı.
2 oktyabrda Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin təntənəli açılış mərasimi keçirilib. Paytaxtımızda 50 ildən sonra Bakı ikinci dəfə Beynəlxalq Astronavtika Konqresinin həyəcan və sevincini yaşayıb. Xatırladaq ki, 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdir. Ulu Öndər bu sahənin Azərbaycanda inkişafına xüsusi önəm vermişdir.
74-cü Beynəlxalq Astronavtika Konqresində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib ki, müstəqillik dövründə ölkəmiz beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Onun sözlərinə görə, respublikamızın siyasəti hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə yönəlib. Belə ki, Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Dördüncü ildir ki, Azərbaycan BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edir. Belə bir təşkilata sədrlik etmək şərəfinə Azərbaycan 120 dövlətin yekdil qərarı ilə layiq görülüb.
“Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu, bizim xarici siyasət gündəliyimizi nümayiş etdirir” – deyən cənab Prezident Azərbaycanın iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olmasına diqqət çəkib. Qeyd edilib ki, respublikamız eyni vaxtda hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir və bu iki təşkilatın yüzdən artıq üzvü var. Bu, yalnız bizim coğrafiyamız və mədəniyyətimizin deyil, həm də siyasi niyyətlərimizin göstəricisidir.
Bakı Konqres Mərkəzində baş tutan 74-cü Beynəlxalq Astronavtika Konqresində Azərbaycanın 30 il ərzində pozulmuş ərazi bütövlüyünün bərpa etməsinə də diqqət çəkilib. Açılış mərasimində çıxış edən dövlət başçısı İlham Əliyev yenidən bu məqama toxundu və bir daha Qarabağ məsələsinə nöqtəni qoydu. “Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllini tapmağa və işğala dinc yolla son qoymağa çalışırdı. 28 il ərzində biz danışıqlar prosesinə qəti surətdə sadiq qaldıq. Biz BMT Nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan, özünümüdafiə hüququndan istifadə etdik və üç il əvvəl öz ərazilərimizi azad edərək işğala son qoyduq. Bir aydan da az müddət əvvəl biz ölkəmizin suverenliyini tam bərpa etdik”, – deyə Prezident İlham Əliyev çıxışında bildirdi.
Ölkə başçısı çıxışlarında dəfələrlə bu proseslərin anonsunu vermiş və tam əminliklə bildirmişdi ki, Azərbaycan torpaqlarında “boz zona” olmayacaq və heç bir halda bizim torpaqlarda ikinci bir erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Qarabağda keçirilmiş antiterror tədbirləri Azərbaycan dövlətinin və xalqının maraqlarına tam cavab verməklə yanaşı, həm də beynəlxalq hüquqa əsaslanır və həmin bölgədə marionet rejimin mövcudluğu ölkəmizin konstitusion quruluşuna heç bir halda uyğun gəlmirdi.
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycan tarixi qələbə qazandı. Nəticədə bəzi xarici ölkələrin dəstəyindən həvəslənib Xankəndidə və ətraf qəsəbələrdə özünə “dövlət” qurmaq istəyən qanunsuz erməni silahlı dəstələri regiondan tamamilə çıxarıldı. Halbuki dövlətimiz həmin silahlıların dinc yolla zərərsizləşdirilməsinin tərəfdarı olmuş və bir neçə dəfə erməni icmasının nümayəndələrini bu məqsədlə dialoqa da dəvət etmişdi.
Bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad edib, suverenliyini tam bərpa edibsə, bunun əsas səbəbi dövlət başçısının ali siyasi iradəsi və Silahlı Qüvvələrimizin yüksək döyüş qabiliyyətinin olmasıdır. 30 il havadan asılı qalan BMT qətnamələrini 2020-ci ildə 44 günə icra edən Azərbaycan Ordusunun şəxsi heyəti öz qanı və canı hesabına tarixi ədaləti bərpa etdi. Təəssüflər olsun ki, antiterror tədbirləri zamanı da şəhidlərimiz oldu. Onlar Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etdilər. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır. Məhz Silahlı Qüvvələrimizin son uğuru işğalçı Ermənistanı və onun maliyyəsi ilə yaşayan qanunsuz xunta rejimini ciddi təşvişə saldı. Bir günlük lokal antiterror tədbirlərində nəhayət onlar anladılar ki, müqavimət göstərmək əbəsdir. Yüksək dəqiqliyə malik olan silahlarla separatçıların döyüş mövqeyini darmadağın edilməsi də həlledici məqamlardandır.
İntiqam Manafov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini