İşğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadı.
Azərbaycan Respublikası hər zaman bir çox Beynəlxalq mərasimlərə ev sahibliyi etmişdir. Bu tədbirlərin təşkili ölkəmizin siyasi nüfuzunu, elmə, incəsənətə, idmana, iqtisadi yeniliklərə verdiyi xüsusi əhəmiyyətdən irəli gəlir. Növbəti belə önəmli hadisələrdən biri 2 oktyabr tarixində Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilən açılış mərasimi oldu.
Açılış mərasimində çıxış edən Prezident cənab İlham Əliyev Konqres iştirakçılarının diqqətinə çatdırdı ki, əlli ildən sonra Konqres yenidən Bakıda keçirildi. 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdir. Son dövrlərə nəzər saldıqda görərik ki, Azərbaycan dövlətinin inkişafı istiqamətində doğru hədəflərə addımlayır. Üç il əvvəl 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik. Biz təcavüzdən, işğaldan və etnik təmizləmədən əziyyət çəkdik və bu, millətimiz üçün böyük faciə, böyük humanitar fəlakət idi.1990-cı illərin əvvəlində torpaqlarımız işğal olunanda, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü və o vaxt əhalimizin sayı 8 milyon idi. Bu rəqəm hər hansı ölkə ilə müqayisədə, bəlkə də adambaşına olan ən yüksək qaçqın sayı idi. Həmin vaxt, biz çox yoxsul idik. Biz öz təbii sərvətlərimizin istismarına hələ başlamamışdıq. Açıq dənizə çıxışı olmayan ölkəmizdə hərc-mərclik hökm sürürdü və gələcək üçün perspektivlər o qədər də aydın görünmürdü. Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllini tapmağa və işğala dinc yolla son qoymağa çalışırdı. 28 il ərzində biz danışıqlar prosesinə qəti surətdə sadiq qaldıq. Biz BMT Nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan, özünümüdafiə hüququndan istifadə etdik və üç il əvvəl öz ərazilərimizi azad edərək işğala son qoyduq. Bir aydan da az müddət əvvəl biz ölkəmizin suverenliyini tam bərpa etdik.
“İşğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadı. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin həmin qətnamələr 27 il icra olunmadı. Bunun səbəbi ikili standartın tətbiq edilməsi, məsələnin ədaləti həllinə istiqamətlənməmək idi. Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə unikal oldu. Zorakılıqla üzləşdiyimiz münaqişəyə son qoyduq. Biz ədaləti və beynəlxalq hüququ bərpa etdik” – deyə dövlət başçısı çıxışında vurğulayıb.
Aynarə Məmmədova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini