Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə ağac əkmə mərasimi.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 04 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.
2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununlada Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi.
2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdilər. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.
2022- ci il oktyabrın 20-də Zəngilan və Cəbrayıl Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını bir daha dünyaya təqdim etdi. Zəngilan Beynəlxalq Hava Limanının açılışını birgə həyata keçirən Azərbaycan və Türkiyə Prezidentləri Cəbrayıl şəhərində təkbətək görüşdən sonra mətbuata birgə bəyanatlarında bu birliyin dünəninə, bu gününə və gələcəyinə bir daha diqqəti yönəltdilər. Dövlət başçısı İlham Əliyev bu fikri böyük qürur hissi ilə qeyd etdi ki, bütün bu şanlı tarix bizim müştərək tariximizdir. Çünki İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi. Bu, bizə əlavə güc verirdi. Bu, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını alırdı.
Böyük fəxr hissi ilə qeyd edirik ki, Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı. Bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Türkiyə şirkətləri bu prosesdə fəal iştirak edirlər. Türkiyə Prezidentinin oktyabrın 20-də ölkəmizə reallaşdırdığı səfər zamanı Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışı oldu. Həm də ekoloji layihə olan “Dost Aqropark” türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksidir. Üç mərhələdə həyata keçirilən layihənin təməli 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Ötən bir il ərzində “Dost Aqropark”da birinci mərhələ üzrə görüləcək bütün işlər başa çatdırılıb. “Dost Aqropark”ın açılışını birlikdə qeyd etdik” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu da bu bölgəyə birinci özəl sərmayədir və bu aqroparkın adı da – “Dost Aqropark” özlüyündə hər şeyi deyir. İnşaat, yol çəkilişi işlərində də Türkiyə şirkətləri bizimlə bərabər çalışır: “Biz Türkiyə şirkətlərinə minnətdarıq ki, qısa müddət ərzində böyük işlər görür. Yolların, – yolların bir hissəsi artıq hazır vəziyyətdədir, – dəmir yolları, eyni zamanda, 33 tunelin inşası nəzərdə tutulmuşdur. Onların bir neçəsində fəal iş gedir. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü tikiləcək, onların bir qismi inşa edilmişdir. Körpülərin ümumi uzunluğu 12 kilometrdir. Bu, ancaq birinci mərhələdə görülən və görüləcək işlərdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik.”
Səfər çərçivəsində, həmçinin Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimi keçirildi, dövlət başçıları tərəfindən ağac əkildi, daha sonra əraziyə 15 baş ceyran buraxıldı. Göründüyü kimi, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bütün sahələrdə özünü nümayiş etdirir. Hər zaman biri-birinin yanında olan iki qardaş ölkənin birliyi regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Daim ədaləti, beynəlxalq hüququ müdafiə edən, bütün münaqişəli məsələlərin bu prinsiplər əsasında həllinə səy göstərən Azərbaycan və Türkiyə dostluğun, qardaşlığın, müttəfiqliyin nümunəsi olan bu birliyə yeni-yeni əlavələr edirlər. Dünyaya səs salan Şuşa Bəyannaməsindən sonra Azərbaycan və Türkiyənin birgə səylərinin nümayişi olan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Azərbaycan və Türkiyə sözü, əməli bir olan bir millət, iki dövlətdir.
Səadət Əsgərova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini