Loading

Cəbrayıl əməliyyatının əhəmiyyəti.

Cəbrayıl şəhərinin işğaldan azad olunduğu 4 oktyabr tarixi xalqımızın yaddaşında əbədi qalacaqdır. Bu Qələbənin əsas əhəmiyyəti ondan ibarət idi ki, müharibənin birinci həftəsində ilk dəfə şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu Qələbədən sonra şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də davam etdirmişdir. Qeyd etmək lazımdır ki, elə “Böyük Qayıdış” Cəbrayıldan başlamışdır. Belə ki, Cəbrayılın işğaldan azad olunması hələ yeddi il bundan əvvəl başlamışdı. Aprel döyüşləri nəticəsində strateji yüksəkliklər işğaldan azad olundu və Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi.

Cəbrayıl əməliyyatının əhəmiyyəti həm də ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumunuz mümkün olmuşdur. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 04 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.

44 günlük müharibənin nəticəsi olaraq Azərbaycan bölgədə yeni bir reallıq yaratdı və həmin reallıqla hesablaşmaq lazımdır. Azərbaycan müstəqil siyasət aparan bir ölkədir. Qonşularımızla və bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsnasında qururuq. Biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq və tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin. Uzun müddət Azərbaycana qarşı edilən təzyiqlərin və təxribatların təməlində Qarabağ amili dururdu. Ermənistanla Azərbaycan arasındakı ədavət əbədi olmamalıdır. Regionda yeni dövr başlayır və onu müsbət istiqamətə yönləndirmək lazımdır. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, sülh müqaviləsi, bir-birinin ərazi bütövlüyünün tanınması istiqamətində, ondan sonra iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyalarının açılması, bütün bunlar gündəlikdə olan məsələlərdir. Azərbaycan tərəfində siyasi iradə var.

 

Elnur Səfərov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın