Azərbaycan işğaldan azad edilmiş yurdlarımızda yeni tarix yazır
Bu günlərdə BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində işğaldan azad edilmiş Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirildi. Qeyd edək ki, “Şəhərsama Həftəsi 2023” tədbiri çərçivəsində keçirilən bu Forumun işğaldan azad olunan ərazidə baş tutması təsadüfi deyil. Artıq bütün dünya bilir ki, otuz illik işğal ərzində Ermənistan Azərbaycanın 9 şəhəri daxil və yüzlərlə kənd və qəsəbəsini məhv etmiş, dağıtmış, talamış, vandalizmə məruz qoymuşdur. Həm şəhərlərimizə, həm də tarixi mədəni və dini abidələrimizə qarşı genosid siyasəti həyata keçirmiş Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışmışdır. Təsadüfi deyil ki, Qafqazın ən gözəl şəhərlərindən biri hesab edilən Ağdam o dərəcədə dağıdılıb, məhv edilib ki, beynəlxalq mütəxəssislər bu şəhəri “Qafqazın Xirosiması” adlandırırlar. Xüsusi vurğulanmalı hallardan biri Füzuli şəhəri ilə bağlıdır. Belə ki, işğaldan azad olunanda Müzəffər Azərbaycan Ordusu orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın. Faktlara əsaslanaraq qeyd edə bilərik ki, Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görmüşdür. Düşmən əsl vandalizm nümayiş etdirərək, vəfat etmiş şəxslərin məzarlarını dağıtmışdır. Onlar bununla kifayətlənməyərək qəbiristanlıqları talan etmişlər. Heç şübhəsiz 30 ilə yaxın bu vandalizmi görməyən və ya görməzdən gələn beynəlxalq dairələr Ölkəmizin siyasəti nəticəsində ifşa edildilər. Azərbaycanda olan diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə təşkil edilən mütəmadi səfərləri zamanı artıq görülməyəcək və görməzdən gəlinməyəcək məsələlər qalmadı. Keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirlərinin də məqsədi məhz bu istiqamətə yönəldilib. Bu gün nümayəndələr öz gözləri ilə hər şeyi aydın görürlər. Xarici qonaqlar işğaldan azad edildikdən sonra ərazilərdə həyata keçirilən yenidənqurma işləri ilə də yaxından tanış olurlar. Daşı-daş üstündə qalmamış yurdlarımız bu gün Ölkəmizin öz gücü hesabına yenidən qurulur. Bəli, görülən bütün işlər insanı riqqətə gətirir. Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən Prezident cənab İlham Əliyev Azərbaycan həqiqətlərinə bir daha diqqət çəkdi, dövlətimizin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa-quruculuq işlərindən geniş bəhs etdi. Cənab Prezident vurğuladı ki, Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Şübhə yoxdur ki, doğma nəfəslərini sevə-sevə bağrına basan bir zamanlar əsir olmuş yurd yerlərimizdə reallaşan möhtəşəm layihələr düşmənin və onların havadarlarının bağrını yarır.
Gülnarə Qasımova;
Neftçala rayon ziyalısı