İndiki Ermənistan hakimiyyəti istəsəydi, Azərbaycanla sülhlə gələrdi, bunu edə bilərdi.
“Sentyabrın 20-də biz öz suverenliyimizi bərpa etdik. Yəni, artıq “boz” zonalar yoxdur, qeyri-qanuni strukturlar yoxdur və torpaqlarımızda separatçılığa son qoyulubdur. Bu, bizim güclü siyasi iradəmizin göstəricisidir. Bu, Azərbaycan hökumətinin Ermənistanla sülhə hazır olduğunu göstərir və bu, yaxşı siqnaldır, – bəziləri hələ də qisasçılıq, revanşist ideyalarla yaşayırlar, – bu, onlara güclü siqnaldır ki, bu fikirlərdən daşınsınlar”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində sentyabrın 29-da Zəngilanda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimindəki çıxışında bildirib.
Bölgədə son üç ildə cərəyan edən hadisələrin dinamikasına və xarakterinə nəzər yetirsək, görərik ki, əgər Ermənistan hakimiyyəti istəsəydi, Azərbaycanla sülhə gələ bilərdi. Çünki Vətən müharibəsində qazandığımız Zəfərdən sonra Azərbaycan buna hazır idi və bunu İrəvan iqtidarı da yaxşı bilirdi. Təəssüf ki, daxildəki daşnak-revanşist, kənardakı lobbi-diaspora təzyiqlərinə layiqli müqavimət göstərə bilməyən Paşinyan komandası özünü addım-addım görünən uçurumun kənarına sürüklədi. İndi irəliyə addım atılası məsafə qalmayıb, son nöqtəyə çatıblar və real təhlükədən qurtuluşları yalnız sülhə gəlməkdir. Azərbaycan hətta bu vəziyyətdə belə xəyanətkar qonşusu ilə də humanist davranış sərgiləyir. Bakı Qarabağdakı erməni azlığın hüquq və təhlükəsizliyini təmin etməyə, onlara ölkənin digər etnik azlıqları kimi, bütün şəraiti və imtiyazları yaratmağa hazır olduğunu açıq şəkildə bəyan edib. Bu, qalib dövlətin məğlub ölkəyə təklif edə biləcəyindən daha böyük güzəştdir. Bütün dünya gördü ki, Azərbaycan hətta düşməninə qarşı xoş məramını, sülhpərvər imicini sona kimi qoruyub saxlamağı bacaran dövlətdir. Ötən əsrin 80-ci illərinin ortalarına qədər azərbaycanlılar və etnik ermənilər Qarabağda yan-yana, sülh və dinc şəraitdə yaşayıblar. Bu gün Azərbaycanda 30 minlik yəhudi icması var. Yevangeliya xristianlarının icması böyüməkdədir. Gürcülər, ruslar, ukraynalılar, molokanlar hamısı bu gün çoxmillətli və çoxkonfessiyalı Azərbaycanın ayrılmaz tərkib hissəsi sayılır. Bu, Qarabağ ermənilərinə də aid ola bilər və olmalıdır. Nəhayət, erməni xalqı anlamalıdır ki, Azərbaycan müharibə deyil, sülh istəyir. Amma ədalətli sülh istəyir.
İsmayıl Yaqubov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri