“Biz tam müstəqil bir dövlətik. Azərbaycan dünya birliyində müstəqil dövlət kimi özünəməxsus yer tutur. Bunun mənəvi əhəmiyyəti maddi əhəmiyyətindən daha da çoxdur.”
1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində kiçik bir ölkə dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Ulu Öndər Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Bu dahi insanın təliminə görə siyasət və uzaqgörənlik qarşılıqlı vəhdətdədir. Böyük öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, zəngin təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir. Ulu Öndər Heydər Əliyevin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadimi çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirir və onun ağıllı siyasətini birmənalı olaraq qəbul edirdilər.
ABŞ-a səfəri zamanı jurnalistlər Heydər Əliyevin SSRİ-nin dağılmasına münasibəti ilə maraqlanmışdılar. Ulu Öndər ABŞ-da çıxan “Hyüston xronikal” qəzetinə müsahibəsində bu barədə danışmışdır:
Sual: Cənab Prezident, Siz Sovet İttifaqının rəhbərlərindən biri olmusunuz. İndi isə Azərbaycanın rəhbərisiniz. Xahiş edirəm, deyəsiniz: Azərbaycan xalqı Sovet İttifaqının dağılmasından fayda götürəcəkmi?
Cavab: Mütləq! Biz Sovetlər İttifaqının tərkibində olarkən Azərbaycan xalqı öz sərvətlərinin sahibi deyildi. Azərbaycanda neft istehsalının 200 illik tarixi var. 1920-ci ildə Sovetlər İttifaqı yaranan zaman bu böyük ölkənin neftə tələbatının təxminən 90 faizini Azərbaycan ödəyirdi. Ancaq biz bu neftdən özümüz istədiyimiz kimi istifadə edə bilmirdik. Hasil edilən neftin hamısı Sovetlər İttifaqının tələbatının ödənilməsinə sərf olunurdu. Respublikamızın digər təbii sərvətləri, potensial imkanları da SSRİ-nin tələbatının ödənilməsinə sərf edilirdi. Amma indi biz müstəqil dövlətik. Bu müstəqillik Azərbaycan xalqı üçün bütün sahələrdə tarixi əhəmiyyət daşıyır. Yeri gəlmişkən deyim ki, iş təkcə bu təbii sərvətlərdən istifadə edilməsi ilə bitmir. Biz tam müstəqil bir dövlətik. Azərbaycan dünya birliyində müstəqil dövlət kimi özünəməxsus yer tutur. Bunun mənəvi əhəmiyyəti maddi əhəmiyyətindən daha da çoxdur. Sovetlər İttifaqının vaxtilə rəhbər şəxslərindən biri kimi deyə bilərəm ki, mən Sovetlər İttifaqının dağılmasını istəmişəm və Azərbaycanın dövlət müstəqilliyi əldə etməsinin arzusunda olmuşam. İndi biz buna nail olmuşuq. Bu, bizim üçün tarixi hadisədir.
İlham Həsənov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri