Loading

Ulu Öndər Heydər Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir.

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Heydər Əliyev idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi.

Ulu Öndər Heydər Əliyev hələ orta məktəbdə oxuyarkən memar olmaq arzusunda idi. Həyat elə gətirdi ki, o inşaat memarı deyil, müstəqil Azərbaycan dövlətinin memarı oldu. Onun siyasi və fəlsəfi ideyaları və dövlətçilik təcrübəsi əsasında müstəqil, demokratik, hüquqi və dünyəvi Azərbaycan Respublikası quruldu. Ümummilli liderin “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” tezisi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir.

14 iyul 1969-cu ildə Heydər Əliyevin respublikamıza rəhbər seçilməsi ilə Azərbaycan tarixində yeni dövr başlandı. Həmin gün özünə qayıdışın, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi tarixə düşmüşdür. Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıtmış, həm də milli mövcudluğumuzu qoruyub saxlamışdır. “Dövlət dövlətçiliyi qorumalıdır” ideyasını dönə-dönə vurğulayan Ümummilli lider çox qəti və prinsipial mövqedən çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri ön plana çəkirdi.

Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai–siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.

Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev siyasət aləmində çox güclü, səriştəli və təcrübəli müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində xarici siyasət sahəsində də böyük dönüş yaratdı.

Ulu Öndər dəfələrlə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir və bu səbəbdən Heydər Əliyev hər zaman dünya erməniliyinin hədəfində olmuşdur. Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz gücünü və potensialını, eləcə də, suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmiş, Ulu Öndər vəsiyyəti layiqincə icra edilmişdir.

 

İradə Heybətova,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın