Loading

Ölkənin demokratik quruluş və inkişaf yolunu müəyyən etmiş konstitusiya.

Müasir Azərbaycanın bütöv qərinəsi, tarixi taleyi, bu illər ərzində, xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində, sözün həqiqi mənasında, dirçəlişi ümummilli liderimiz, müstəqil respublikamızın memarı və qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu illərdə Ulu Öndərimiz rəhbəri olduğu Azərbaycanın bütün məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət, xalqımızı bir millət kimi tarixin ağır sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Qısa müddət ərzində Azərbaycan onilliklərə bərabər tərəqqi mərhələsini keçməyi bacarmış, inkişafın özünəməxsus modelini yaradaraq qazandığı genişmiqyaslı nailiyyətləri davamlı artırmışdır. Bu inkişaf modelinin əsas xüsusiyyəti təkcə dinamik sosial-iqtisadi inkişaf yox, eyni zamanda demokratik meyarlar, o cümlədən hüququn aliliyini özündə ehtiva etməsi, ictimai-siyasi həyatın bütün sferalarında sürətli yüksəlişi uğurla təmin etməsidir. Əldə olunan bu möhtəşəm müvəffəqiyyətləri şərtləndirən strategiyanın müəllifi isə təkcə Azərbaycanın yox, eləcə də dünya siyasət tarixinə ən böyük şəxsiyyətlərdən biri kimi adı yazılan, fəaliyyəti ilə zamanın fövqündə dayanan, həyatını, mənsub olduğu xalqa təmənnasız xidmətə həsr edən ümummilli lider Heydər Əliyevdir.

Ulu Öndərin öz fəaliyyətində xüsusi diqqət yetirdiyi başlıca cəhətlərdən biri də demokratik meyarların daha möhkəm özüllər üzərində bərqərar olması, vətəndaş cümhuriyyəti, hüquqi dövlət quruculuğu ilə bağlı olmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlər cəmiyyət həyatının bütün sahələrini əhatə edərək, ölkəmizdə siyasi, iqtisadi və hüquqi sistemin əsaslı surətdə dəyişməsi ilə xarakterizə olunaraq, ən müasir dünya standartlarına uyğunlaşdırılmışdır. Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan hüquqi islahatlar, qanunvericilikdə edilən dəyişikliklər, yeni institusional təsisatların yaradılması Azərbaycanın qarşısında tamamilə yeni mərhələnin açılmasına rəvac vermişdir. Ümummilli liderimizin rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə keçirilmiş ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyası respublikamızın hüquqi dövlət quruculuğu istiqamətində inkişafının hüquqi təsisatlarına, hakimiyyətin və dövlətin əsaslarını müəyyən etmiş, ən yüksək hüquqi qüvvəyə malik olmaqla, hüquq sisteminin bünövrəsini təşkil etməklə əsaslı məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə zəmin yaratmışdır.

 

Samir Cəfərov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın