Şuşa Bəyannaməsi.
Türkiyə ilə Azərbaycan qardaşlığı əsrlərin sınağından çıxaraq daha da möhkəmlənir, türk dünyasının birlik və həmrəyliyində əhəmiyyətli rol oynayır. Sevindirici haldır ki, əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş Azərbaycan Türkiyə münasibətləri Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan-Türkiyə qardaşlığının necə möhkəm təməllər üzərində qurulduğu 44 günlük Vətən müharibəsi dövründə və aradan keçən müddət ərzində bütün dünyaya bir daha nümayiş etdirilmiş oldu. Müharibənin sonrasında hər iki dövlət arasında Azərbaycanımızın siyasi və mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanmış Şuşa Bəyənnaməsi isə mühüm tarixi hadisə kimi yaddaşlarımıza əbədi olaraq həkk olundu. Özündə iki qardaş dövlət arasında əməkdaşlığı strateji tərəfdaşlıq və qarşılıqlı yardım səviyyəsinə qədər yüksəldən Şuşa Bəyənnaməsi dövlətlərimizin əməkdaşlığı istiqamətində olduqca əhəmiyyətlidir.
Tarixi Zəfərimizdən sonra 15 iyun 2021-ci ildə Azərbaycanla Türkiyə arasında imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” bütün sahələri əhatə edən həmrəylik sənədi kimi qiymətləndirilir. Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi ilə iki qardaş xalq arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq müasir dövrün tələblərinə uyğun zənginləşdirildi. Bir əsrlik tarixi olan Qars müqaviləsi təzələndi. Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını, Şərqdən Qərbə uzanan, türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin açılmasında hər iki qardaş ölkə israrlıdır. Dövlət başçısı İlham Əliyev Naxçıvanda mətbuata birgə bəyanatda da bu məsələyə xüsusi diqqət yönəldərək bildirdi ki, Şuşa Bəyannaməsi – müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Bu gün bu əlaqələr ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə əlaqələrimizin çox fəal dövrünü yaşayırıq: “Bu gün təməlini qoyduğumuz İğdır-Naxçıvan qaz xətti – vaxtilə biz Sizinlə TANAP layihəsinin təməlini qoymuşduq, TANAP boru xəttinin açılışını bərabər etmişdik – bu gün isə Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start veririk. Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması da tarixi hadisədir. Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəkdir.”
Səadət Səfərova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini