Loading

44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi.

İkinci Qarabağ müharibəsi  işğal edilmiş torpaqlarını azad edən Azərbaycan Respublikasının qələbəsi ilə başa çatmışdır. Bu 44 günlük müharibə təkcə bölgənin hərbi-siyasi həyatı üçün deyil, həm də beynəlxalq təhlükəsizliyin təmini üçün müsbət nəticələnmişdir.

44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun torpaqlarımızı işğaldan azad etməsi xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. 28 ildən sonra şəhidlərimizin qanı bahasına, ordumuzun böyük şücaəti sayəsində yenidən doğma yurdumuza qovuşmaq bizə nəsib oldu. Hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Türkiyə bu dəfə də dövlətimizin çətin günündə öz mənəvi dəstəyini və köməyini əsirgəmədi.

Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə inkişafı  regionda sabitliyin, tərəqqinin olmasına mühüm töhfələr verir. Azərbaycan xalqı və dövləti olaraq, Türkiyənin dəstəyini hər zaman hiss etmişik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir. Müharibənin başladığı ilk günlərdən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamalar onu göstərdi ki, Azərbaycan bu haqq savaşında tək deyil, onun Türkiyə kimi böyük qardaşı, arxa-dayağı və etibarlı tərəfdaşı var. Böyük kürsülərdən dəfələrlə səsləndirilən bu açıqlamalar eyni zamanda, Ermənistanın havadarlarına, onu müdafiə edən qüvvələrə və ölkəmizə qarşı ədalətsiz mövqedə duran qruplara bir mesaj oldu. O, Azərbaycanın apardığı haqlı mübarizəsində dünya ölkələrinə kənarda durmalarını, bu məsələyə müdaxilə etməməyi bəyan etdi.

Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir. Bu iki qardaş dövlət məsuliyyətli tarixi məqamlarda bir yumruq kimi birləşərək bu birliyin sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirə bilir. Bu, tarixən də belə olub, illər keçsə də belə olacaqdır. 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək isə xalqımız tərəfindən ən yüksək qiymətə layiq görüldü. Türkiyə hakimiyyəti, xalqı bütün dünyaya Azərbaycan ilə həmrəy olduqlarını nümayiş etdirdilər. İkinci Qarabağ müharibəsinin hər anını bir qardaş ölkə olaraq Azərbaycanla birgə yaşadı. Qarabağ müharibəsində əldə edilən şanlı Zəfər isə yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirildi. Bu tarixi Qələbədən sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi isə iki ölkə arasındaki birliyin daha da üst səviyyələrə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən ilk rəsmi sənəddir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu.

 

Fəyyaz Quliyev,

YAP Neftçala rayon təşkilatının üzvü

Bir cavab yazın