Müzəffər Azərbaycan Ordusunun Zəfər yürüşü zamanı düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törtəmişdi.
Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.
Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qalması, dinc sakinlərin həlak olması və yaralanması beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanılmalıdır. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 2406 fərdi ev, 92 çoxmənzilli bina və 423 mülki obyekt zərər görmüş və yararsız hala düşmüşdür. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir.
Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilmişdir. Düşmənin hədəf aldığı Gəncə şəhərinin, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonlarının dinc sakinləri əzizlərini, evlərini itirsələr də ən ağır günlərində Vətən uğrunda əzmkarlıq və birlik nümayiş etdirərək tarixi Zəfərimizin əldə olunmasına böyük töfhələr vermişdilər.
Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə törədilmiş erməni vəhşiliyi, bütün infrastrukturun məhvi onların mənfur və məkrli xislətini hər kəsə göstəmiş oldu. Azərbaycanın şəhərləri yerlə-yeksan edilib, bütün tarixi abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən ya tam dağıdılıb, ya da təhqir olunub. İndi azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür. Azərbaycan isə artıq üç ildir ki, şəhər və kəndlərimizi bir-bir yenidən qurmaqla torpağın əsl sahibini bütün dünyaya göstərir və təsdiq edir.
Ziyafət Hüseynov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini