Mülki şəxslərin qorunması.
Sentyabrın 19-da başlamış hadisələr məhz lokal xarakterli antiterror tədbirləridir. Bizim Vətən müharibəmiz məhz Şuşanın azad olunması ilə bitib. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat Ermənistanın kapitulyasiyasını artıq rəsmiləşdirib. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması faktı beynəlxalq təşkilatlarla yanaşı, Ermənistanın baş naziri tərəfindən də etiraf olunub.
Azərbaycan antiterror tədbirləri vasitəsilə, 44 günlük müharibədə olduğu kimi, öz gücü hesabına əldə edilmiş razılıqların yerinə yetirilməsi ilə məşğul olub. Sadəcə bu dəfə Azərbaycan Ermənistanın üzərinə düşən öhdəlikləri könüllü şəkildə yerinə yetirəcəyinə və beynəlxalq təşkilatların obyektiv mövqeyinə artıq inanmadığı üçün daha 30 il gözləmək niyyətində olmadı. Odur ki, hər kəs mütləq olaraq baş verən hadisələri məhz Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri kimi adlandırmalı və tanımalıdır. Nəzərə almalıyıq ki, “antiterror tədbirləri” ifadəsinin istifadə olunması, eyni zamanda, “ikili siyasəti” həyata keçirən və daim erməni lobbisinin təsiri altında olan beynəlxalq təşkilatların qərəzli bəyanatlarının qarşısının alınması üçündür.
“Azərbaycan hökumətinin bəyan etdiyi antiterror tədbirlərinin məqsədlərinə bir daha nəzər yetirək:
- 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının təmin olunması; Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması;
- Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması;
- İşğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması;
- Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi.
Müəyyən olunmuş amillər bir daha sübut edir ki, Azərbaycan 44 günlük müharibənin nəticəsində bərpa olunmuş öz ərazinin suverenliyini qorumaq məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirib. Qətiyyən məkrli niyyətli qüvvələrin təxribatlarına uymaq olmaz. Ölkəmizin hər bir vətəndaşı birmənalı olaraq bilməlidir ki, Azərbaycan Ordusu məsuliyyətlidir və bizim Ordumuz tərəfindən mülki əhali, habelə infrastruktur obyektləri hədəfə alınmır. Hədəfdə yalnız legitim hərbi obyektlərdir. Ordu ilə bağlı olan istənilən məsələdə vətənpərvər mövqeyin nümayişi hər bir azərbaycanlının mənəvi borcudur”.
Azərbaycan Ordusu hər zaman olduğu kimi, bu dəfə də mülki əhaliyə qarşı son dərəcədə nümunəvi davranış nümayiş etdirdi. Belə ki, Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdı. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilmişdi. Eyni zamanda, səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılırdı. Hökumətimiz bununla kifayətlənməyib, Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüququn normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsinin təşkil olunacağını da bəyan etmişdi. Müdafiə Nazirliyinin müvafiq bəyanatında qeyd olunurdu ki, qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaqlar. Xocalı soyqırımı kimi faciəni bizə yaşadan Ermənistana bu cür münasibətin sərgilənməsi bütün dünya və özünü “beynəlxalq hüquqların carçısı” adlandıran qurumlar üçün nümunəvi örnək və davranış sayıla bilər. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın bu cür davranışını təqdir etməli və alqışlamalıdır.
Fəxriyyə Qafarova
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini