Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir.
Prezident İlham Əliyevin cari ilin 14 sentyabr tarixində Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirakı mühüm tarixi hadisədir. Bu amil Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı tarixi, mədəni, siyasi əlaqələrin xarakterindən xəbər verir. Eyni zamanda əməkdaşlıq əlaqələrinin dinamikası artan xətt üzrə inkişaf edir. Prezident İlham Əliyev cari ildə qardaş Tacikistana iki dəfə səfər edib. Cari ilin aprel ayında baş tutmuş səfər çərçivəsində qəbul olunmuş qərarlar və imzalanmış sənədlər münasibətlərimizin strateji xarakterini bir daha təsdiq edir.
“Azərbaycanın xarici siyasətində Türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyevin sentyabrın 14-də Tacikistana səfəri, Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı hazırda ölkə və dünya mətbuatında geniş müzakirə olunan mövzular sırasındandır. Prezident İlham Əliyevin tədbirə fəxri qonaq qismində dəvəti Azərbaycan-Tackistan əlaqələrinin bugünkü inkişaf səviyyəsinin, həmçinin liderlərin şəxsi münasibətlərinin ölkələrimiz arasında əməkdaşlığın yeni istiqamətlər üzrə daha da möhkəmlənməsində rolunun aydın mənzərəsini yaradır. Ümumilikdə tarixi Zəfərimiz Türk dünyası ölkələri arasında coğrafi bağlantını təmin etmək üçün gözəl imkan yaradıb. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəanın yer alması və onun yerinə yetirilməsi türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq, Şərqdən Qərbə uzanan vahid marşrut xəttini formalaşdıracaq ki, bu da böyük bir coğrafiyada yüklərin rahatlıqla, qısa zaman kəsiyində daşınmasına böyük töhfə verəcək.
Prezident İlham Əliyev sözügedən tədbirdəki çıxışında Azərbaycanın nəqliyyat imkanlarından, əlaqələrin daha da möhkəmlənməsi üçün hədəflərdən bəhs etdi. Bildirdi ki, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır. Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal iş aparılır.”
Nicat Axundzadə
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini