Azərbaycanın tranzit ölkə statusu.
Azərbaycanın geostrateji önəmini artıran faktorlar sırasında ilk yerlərdən birini ölkəmizin tranzit daşımaları üçün kifayət qədər əlverişli coğrafi mövqeyə və geniş imkanlara malik olması tutur. Azərbaycanın əlverişli coğrafi mövqeyi respublikamızın istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərində vacib rol oynamasını şərtləndirir. Azərbaycan qədim İpək Yolunun bərpasında, Avropa, Qafqaz və Orta Asiya ölkələrini əlaqələndirən Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılmasında moderator rolunda çıxış edir. Bu dəhliz istər iqtisadi səmərəlilik, istərsə də mükəmməl infrastruktur baxımından olduqca əlverişli marşrutdur. Bu marşrutun potensialından səmərəli istifadə etməklə bəhs olunan geniş coğrafiyada yerləşən ölkələr arasında iqtisadi-ticarət əlaqələrini gücləndirmək, bütövlükdə regionun inkişafına əlavə impuls vermək mümkündür. İndiyədək dəhlizin Azərbaycandan keçən hissəsində böyük iş həcmi görülüb və çoxlu sayda layihələr reallaşdırılıb.
Azərbaycanın Şərq-Qərb dəhlizinin yaradılmasına və onun funksionallığının artırılmasına verdiyi mühüm töhfələr tərəfdaş ölkələr tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev çıxışlarının birində qeyd edir ki: “Nəqliyyat sektoruna çoxmilyardlıq investisiyanın qoyulması Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevirmişdir. Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır”.
Avropanın üzləşdiyi çətin enerji böhranından xilas olmasında önəmli rol oynayan Azərbaycan, həm də Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişafında, ticarət əlaqələrinin genişlənməsində vacib ölkə hesab olunur. Odur ki, məhz bu zəmində xüsusən son illər həmin ölkələrlə münasibətlərdə əlaqələrimiz durmadan genişlənir. Dövlət başçıları səviyyəsində təşkil olunan qarşılıqlı səfərlər, keçirilən görüşlər, imzalanan sənədlər əhəmiyyətinə görə əməkdaşlığımıza strateji xarakter qatır. Prezident İlham Əliyevin Tacikistanda keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində dəvət olunması orada təmsil olunan ölkələrlə əlaqələrimizin qarşıdakı illərdə də bir çox sahələr üzrə inkişafı baxımdan xeyli önəm daşıyır.
Prezident İlham Əliyevin Məşvərət görüşündə çıxışı həm də Mərkəzi Asiya ölkələri ilə ticarət sahəsində əlaqələrin yüksəliş dinamikasından xəbər verirdi. Prezident nəqliyyat və logistika sahəsinin münasibətlərimizdə mühüm yer tutmasını xüsusi vurğulayaraq Azərbaycanın Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsi olmasını diqqətə çatdırdı: “Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat–logistika infrastrukturu onlar üçün açıqdır”.
Bu gün Azərbaycan tərəfindən Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu müasirləşdirilir. Prezident çıxışında yolun əhəmiyyətinə toxunaraq bildirdi ki: “Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq”.
Yeni sərmayələrin icrasından sonra yükdaşıyan gəmilərin sayının artacağını qeyd edən ölkə başçısı cənab İlham Əliyev: “Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, biz gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışırıq”.
Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək.
Elçin Əsədov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini