“Laçın “ sərhəd-buraxılış məntəqəsinin beynəlxalq legitimliyi
İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.
“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. Ermənistanın və onun havadarlarının bu məsələ ilə bağlı apardığı çirkin kampaniyanın məqsədi bölgədə vəziyyəti gərginləşdirməkdir.
Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır. “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərk-silah olunması baxımından böyük önəm daşıyır. Bu məntəqə Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir.
“Sərhəd-buraxılış məntəqəsi Qarabağ separatçılarına silah, sursat, mina və xarici terrorçuların daşınmasının qarşısını alır. Eləcə də, bu post sayəsində ərazidən təbii sərvətlərimizin qanunsuz çıxarılmasının qarşısı alınır. “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin beynəlxalq legitimliyi öz təsdiqliyini tapır. Belə ki, Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın iddialarını qəti şəkildə təkzib edib”.
Digər tərəfdən, Azərbaycan humanitar məqsədlər üçün Ağdam-Xankəndi yolunu təklif edir. Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Bu fakt onu göstərir ki, “humanitar” bəhanələrlə edilən manipulyasiyalar vasitəsilə Ermənistan hərbi təxribatlar üçün süni səbəblər yaradır. Hadisələrin gedişatı və erməni siyasətinin xisləti onu aşkar edir ki, Xankəndidə vəziyyətin pisləşməsi rəsmi İrəvanın və Fransa kimi ölkələrin marağındadır. Amma kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan öz prinsipial mövqeyində haqlıdır və heç bir qüvvə dövlətimizin iradəsinə təsir edə bilməz.
Zülfiyyə Nağıyeva,
YAP Neftçala rayon təşkilatının üzvü