Dövlət müstəqilliyinin ilk illərində hakimiyyətdə olan qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl edə bilmədilər. O zamanlar hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin də itirilməsinə gətirib çıxaracaqdı. Bir-birini əvəz edən Mütəllibov və AXC-Müsavat iqtidarları əslində dövlətçilik deyil, hakimiyyətlərini qoruyub saxlamaq maraqlarından çıxış edir və beləliklə, hələ kövrək olan dövlət müstəqilliyini təhlükə altına salırdılar. Həmin dövrdə hakimiyyətdə olanlar yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün nəinki bir iş görmədilər, əksinə ölkəni dünyada gedən bütün proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına xidmət göstərdilər.
1991-ci ildə Sovetlər İttifaqına daxil olan bir neçə respublikada, o cümlədən Azərbaycanda müstəqilliyə qovuşmaq uğrunda mübarizə qarşısıalınmaz həddə çatdı. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. 1991-ci il oktyabrın 19-da Azərbaycan Ali Sovetinin sessiyasına ünvanladığı müraciətdə bu hadisəni yüksək qiymətləndirən Heydər Əliyev yazırdı: “Biz bu gün xoşbəxtik ki, nəhayət, Azərbaycan Respublikasının ali hakimiyyət orqanı milli azadlıq niyyətlərimizin həyata keçirilməsi üçün ilk addım atdı”. Lakin, 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunsa da, bu müstəqilliyi qoruyub saxlamaq üçün dövlətçiliyin əsasları yaradılmamış, cəmiyyətdə milli həmrəylik, milli birlik təmin olunmamışdır. O zamanlar hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin də itirilməsinə gətirib çıxaracaqdı. Bir-birini əvəz edən Mütəllibov və AXC-Müsavat iqtidarları əslində dövlətçilik deyil, hakimiyyətlərini qoruyub saxlamaq maraqlarından çıxış edir və beləliklə, hələ kövrək olan dövlət müstəqilliyini təhlükə altına salırdılar. Həmin dövrdə hakimiyyətdə olanlar yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün nəinki bir iş görmədilər, əksinə ölkəni dünyada gedən bütün proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına xidmət göstərdilər. Azərbaycanda hökm sürən hərc-mərclik, cinayətkarlığın artması respublikamızın həyatının bütün sahələrinə böyük zərbələr vurmuş, ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxarmışdır. İqtisadiyyat tamamilə məhv edilmiş, ciddi maliyyə böhranı meydana çıxmış, xarici siyasət sahəsində qeyri-sağlam vəziyyət yaranmışdır. Buna paralel olaraq, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti getdikcə genişlənmiş, 1993-cü ilin may-iyun aylarında ölkəmizdə siyasi böhran son həddə çatmış, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Bütün bunlar isə nəticə etibarilə müstəqilliyin məhvinə aparırdı. Belə bir şəraitdə Azərbaycan xalqının diqqəti yenidən xalqımızın böyük oğlu Heydər Əliyevə yönəlmişdir. Bu dəfə də xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər xalqın tələb və təkidləri ilə yenidən siyasi hakimiyyətə gələrək, Azərbaycanın dövlətçiliyini, ölkəmizin müstəqilliyini xilas etmiş, yüksəliş, inkişaf və sabitlik erasının əsasını qoymuşdur. Bu isə Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcı demək idi. 1993-cü ilin iyunundan dövlətimizin idarəçilik sükanının arxasına keçən Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu, ən əsası, Azərbaycanın dövlət müstəqilliyini təmin etdi. Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu. “1991-ci il oktyabrın 18-də qəbul olunmuş dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı çox dəyərli sənəddir. Bu sənəddə Azərbaycanın müstəqilliyi və müstəqil dövlət kimi dövlət quruculuğu haqqında çox dəyərli müddəalar öz əksini tapıbdır” – deyən Ulu Öndər Konstitusiya Aktının prinsiplərinin real həyatda vəsiqə qazanması üçün ardıcıl və qətiyyətli iş gördü. Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyası, iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik inkişaf reallaşdı. Məhz Heydər Əliyev öz dühası ilə Azərbaycan tarixinin bu yeni mərhələsində cəmiyyəti səfərbər edərək müstəqil siyasi, iqtisadi və sosial-mədəni kursun gerçəkləşməsinə nail oldu. İlk növbədə, ölkədə separatçı qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər hazırlayan cinayətkar dəstələr cəmiyyətdən təcrid edildi. Ölkənin nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı tədbirlər həyata keçirildi.
1993-cü il oktyabr ayının 3-də keçirilən seçkilərdə Azərbaycan Prezidenti seçilən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə qısa müddətdə ictimai nizam-intizam, siyasi sabitlik təmin edilmiş, milli təhlükəsizliyin sarsılmaz əsasları yaradılmış, qanunsuz silahlı birləşmələr tərk-silah edilmiş, nizami, güclü ordu quruculuğuna başlanmışdır. Hüquqi dünyəvi dövlət quruculuğu prosesinə start verilmiş, müstəqil Azərbaycanın Konstitusiyası qəbul olunmış, ölkəmizdə çox ciddi siyasi islahatlar aparılmağa başlanmışdır. Ulu Öndər Heydər Əliyev ölkəmizin müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdışı və elmin, təhsilin, mədəniyyətin inkişafını təmin etmişdir. Yeni neft strategiyasının hazırlanması, bunun əsası olan “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın qlobal enerji bazarında və beynəlxalq münasibətlərdə aktiv iştirakının təmin olunması, yeni və praqmatik xarici siyasət strategiyasının müəyyənləşdirilməsi və uğurla həyata keçirilməsi həmin dövrdə ölkəmizin qarşısında tamamilə yeni inkişaf paradiqmalarının meydana gəlməsini şərtləndirmişdir. Azərbaycan Ulu Öndər Heydər Əliyevin müstəsna liderlik qabiliyyəti və yüksək idarəetmə məharəti sayəsində 1993-2003-cü illərdə öz inkişaf və sabitlik dövrünü yaşamış, müstəqilliyini möhkəmləndirmişdir.
Aytac İskəndərli,
YAP Neftçala rayon təşkilatının mühasibi