Dostluğa sadiq Özbəkistan.
Cari ilin 22 avqust tarixi Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri, hər iki ölkə başçısının mətbuata verdiyi bəyanatla yadda qaldı.
Dostluq və etibarlı münasibətləri bildirən əlamətdar səfərdən söz açan Prezident İlham Əliyev bildirdi ki, Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərinin məhz Azərbaycana etməsi əlamətdar haldır. Sözügedən fakt bizim qardaşlığımızın və dostluğumuzun göstəricisidir.
Qardaşlıq əlaqələrinin önəmli amilindən danışan ölkə başçısı bildirdi ki, bizim qarşılıqlı fəaliyyətimizin təməlini məhz nəhəng mədəni zəmin təşkil edir. Əməkdaşlığımızın böyük tarixi əsasları mövcuddur. Xalqlarımız arasında qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir, bütün dostluq və qardaşlıq dövrü ərzində biz bir-birimizin yanında olmuşuq və bir-birimizi dəstəkləmişik. Prezident İlham Əliyev qeyd etdi ki, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsi Özbəkistandan oldu. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Bu amil qardaşlıq, həmrəylik və dəstək jestidir. İnşa olunmuş məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq. Heç kəsə sirr deyil ki, iki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.
Bu gün bütün dünya dostluğa sadiq Özbəkistanı görür. Hazırda Özbəkistanda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq, Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana və Ümummilli Lider Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib. Belə ki, Prezident İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb.
Azərbaycanla Özbəkistanı çox dərin köklər bağlayır. Bu köklərə milli dəyərlərimiz, eyni din, dil qrupu, mental cəhətlər və mədəniyyət daxildir. Bunlar bizi bir-birimizə bağlayan tellərdir. Ümumiyyətlə, Özbəkistan bizim üçün həmişə dəyərli ölkə olub. Hətta Sovet İttifaqı dövründə belə Özbəkistan ilə Azərbaycan arasında çox dərin bağlar olub. İndi də hər zaman olduğu kimi iqtisadi-ticari və mədəni əlaqələrimiz mövcuddur.Həmçinin, özbəklərin Azərbaycan mədəniyyətinə çox böyük marağı və diqqəti var. Bizim musiqilərimiz orada Özbəkistan musiqiləri ilə yanaşı sevilir, dinlənilir və oxunur. Azərbaycan şairləri və yazıçıları da Özbəkistanda çox sevilir. Eyni məsələ Azərbaycana da aiddir. Yəni özbək mədəniyyəti, musiqisi və ədəbiyyatı hər zaman xalqımız tərəfindən sevilib. Ona görə də bizim möhkəm tellərlə bir-birimizə bağlı olmağımız uzun illərdir davam edir.
Gülər Mirzəyeva,
YAP Neftçala rayon təşkilatının fəal üzvü