Beynəlxalq dəstək
Hazırda günümüzün əsas müzakirə mövzusu avqustun 16-da BMT Təhlükəsizlik Şurasında Azərbaycanın Qarabağ bölgəsinin ermənilərin yaşadığı hissəsinin Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran”ın müzakirəsi və ölkəmizin növbəti diplomatik uğurudur. Ermənistan yenə də ona havadarlıq edən dövlətlərin dəstəyinə arxalanaraq BMT Təhlükəsizlik Şurasına müraciət etdi və daim ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycanın diplomatik gücünün bir daha şahidinə çevrildi. Onu da qeyd edək ki, bu, Fransa və Ermənistanın növbəti iflasıdır. Belə ki, ötən ilin dekabrında da sözügedən məsələnin BMT Təhlükəsizlik Şurasında qaldırılmasına cəhd göstərilsə də, nəticəsiz qalmışdı. Təbii ki, Ermənistanın bu əsassız təbliğatları, yalanları, beynəlxalq ictimaiyyətin diqqətini məsələnin əsl mahiyyətindən yayındırmaq cəhdləri bizə 30 illik işğal dövrünün reallıqlarını yada salmağa çağırış edir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz yeni reallıq yaratsa da keçmişdə yaşananlar, eyni zamanda, dünyada ədalət və beynəlxalq hüquq prinsiplərinin hansı şəkildə tətbiq edildiyi və qorunduğu unudulmur. İşğalçını adı ilə çağırmağın bəzi güclər üçün nə qədər “çətin” olmasına baxmayaraq, Ermənistana hərtərəfli dəstək belə qənaət yaradırdı ki, sanki təcavüzkarı müdafiə etmək beynəlxalq hüququn prinsipidir. Amma Azərbaycan keçmişdə qalan Qarabağ münaqişəsinin həllində vacib amillərdən bəhs edərkən beynəlxalq dəstəyi önə çəksə də bununla kifayətlənmədi, əksinə, daxildə daha da möhkəmləndi və tarixi ədaləti öz gücünə bərpa etdi.
Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin iclasdakı çıxışına diqqət etsək görərik ki, Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır. Hadisələrin gedişi bir daha sübut edir ki, Ermənistan məsələni həll etmək niyyətində deyil. Bunun əvəzində beynəlxalq səviyyədə manipulyasiya və çaşqınlıq səylərini davam etdirmək məqsədilə regionda gərginliyi süni şəkildə alovlandırmağa çalışır. Müzakirələrdə bir daha bu reallıq diqqətə çatdırıldı ki, “Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib. Azərbaycan Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etdikdən sonra da bu, olduğu kimi qalır. Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq üzrə təməl hüququ çərçivəsində yaradılıb. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib. Belə bir əminlik də ifadə edildi ki, beynəlxalq ictimaiyyət və ilk növbədə, Təhlükəsizlik Şurası bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi yolu ilə hər iki ölkənin legitim maraqlarına uyğun olaraq, bərabər və qarşılıqlı hörmətə əsaslanan bu yanaşmanı dəstəkləyəcək. Beynəlxalq hüquq da, ədalət də Azərbaycanın tərəfindədir.
Aytac İskəndərli,
YAP Neftçala rayon təşkilatının mühasibi