Loading

Rəsmi İrəvanın reinteqrasiyaya maneə törətmək cəhdləri

Avqustun 16-da Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsində guya yaranmış “humanitar böhran”ın müzakirəsinə dair təcili iclası, erməni lobbisinin bütün gücünü ortaya qoymağa çalışdığı toplantısı keçirilib. Əlbəttə, Ermənistanın xaricilərdən ibarət diplomatiya, informasiya “ordusu” sadəcə iclasdakılarla yetinmirdi. Belə ki, şərti olaraq “Məzlum Ermənistan” adlandıra biləcəyimiz BMT-dəki teatr səhnəciyində kulislər arxası da boş deyildi – burada Okampo, Lindsi Snell, Devid İqnatius və s. satılmış hüquqşünas və jurnalistlər olub.

Postmüharibə dövründə normallaşma prosesinin icrası və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfi qətiyyətli addımlar atır, danışıqlar çərçivəsində beynəlxalq konvensiyalara uyğun yanaşmalar sərgiləyir, regional balansın təmini üçün əlindən gələni edir. Əfsuslar olsun ki, öz xislətinə sadiq qalan Hayastan isə daxilindəki revanşist hisslərə uyaraq təxribatlara əl atır, sülh prosesinə hər vəchlə mane olmağa çalışır. Bunun üçün müxtəlif vasitələrdən istifadə edilir: spekulyasiya və manipulyasiyalar, havadarlarının köməyi ilə bölgədəki güc balansının pozulması cəhdləri, erməni milyarderlərin satın aldığı bəzi beynəlxalq simaların dezinformasiyaları, siyasi şoular və s.

Həmin təxribatların növbəti mərhələsi intensiv olaraq Laçında “gərgin humanitar vəziyyət” böhranı adı altında bütün dünyaya sərgilənir. Bununla Ermənistan saxta beynəlxalq ictimai rəy yaratmağa cəhd edir. Bölgəyə xarici ölkələrin səfirlərinin, Avropanın səlahiyyətli nümayəndələrinin dəvət edilməsi məhz bu məqsədə xidmət edir.  Azərbaycanın haqq işi olan Laçın dövlət sərhədindəki nəzarət-buraxılış mexanizminin fəaliyyəti haylar tərəfindən birmənalı olaraq qəbul edilmir. Haylar qətiyyətlə Azərbaycan tərəfi ilə razılaşdırılmadan buraya gətirilən iri yük maşınlarının ərazidən keçməsinə səy göstərir. Ermənistan tərəfi bunu dünyaya Laçın yolunun bağlanması, Qarabağda yaşayan erməni sakinlərin “blokadası”, “humanitar fəlakət”lə üz-üzə olması kimi çatdırmaq istəyir. Lakin irihəcmli yük maşınlarının ərazidən keçirilməsi istəyi humanitar ehtiyac və ya hər hansı bir fövqəladə səbəbdən deyil. 30 ilə yaxın bir dövr ərazində Laçın yolundan öz kirli əməlləri üçün  istifadə edən haylar artıq Laçın dövlət sərhədinin mövcudluğundan sonra daha buradan narkotik, silah-sursat, qaçaqmal daşınması və digər qeyri-qanuni əməllər üçün istifadə edə bilməyəcək.

Məsələnin başqa məcralara yönəldilməsi, müxtəlif yayındırıcı addımların atılması Azərbaycanı əsas hədəfdən döndərə bilməz. Ermənistan ilk növbədə, delimitasiya və demarkasiya prosesini sürətləndirməli, Naxçıvanla Azərbaycan arasındakı quru əlaqəni və digər kommunikasiyaları bərpa etməli, reinteqrasiya prosesinə əsaslı töhfə verməlidir. Humanitar yüklərin daşınması prosesinə Ermənistan tərəfinin maneçilik törətməsi riyakarlıqdır. Xankəndidə “fəaliyyət” göstərən xunta rejiminin təzyiqləri altında yaşamağa məcbur olan erməni əhalisinə lazımi yardımların çatdırılması üçün Ağdam-Əsgəran-Xankəndi yolu tam açıqdır. Baxmayaraq ki, Ruben Vardanyanın adamları bu yolun müəyyən hissəsini beton plitələrlə bağlatdırmışdı. Azərbaycanın bu çərçivədə alternativ yol təklif etməsi humanizm nümunəsidir. Digər tərəfdən, Qarabağ separatçılarının suveren ərazilərimizdə hələ də məskunlaşması antiterror əməliyyatının vaxtını yaxınlaşdırır. Reinteqrasiya prosesinə mane olan mövcud xunta rejiminin “səlahiyyətliləri” birbaşa Azərbaycan xalqının qanına əli bulaşan cinayətkarlardan təşkil edilmişdir. “Humanitar böhran” şousu, “soyqırımı” böhtanı məhz fikri yayındırma cəhdləridir ki, onlar vaxt qazansın. İndi Ermənistan hakimiyyəti dünyaya car çəkir ki, guya biz Qarabağı blokada vəziyyətində saxlamışıq, ermənilərə qarşı təzyiq göstəririk.

Xankəndidəki xunta rejimi və mövcud Ermənistan hakimiyyəti yaxşı bilir ki, reinteqrasiya prosesi baş tutarsa, onların “humanitar böhran”, “soyqırımı” kimi böhtanları qüvvədən düşəcək. Nəticədə beynəlxalq ictimai nəzəri aldatmaq üçün əldə heç bir bəhanə qalmayacaq. Digər tərəfdən, reinteqrasiya prosesinin baş tutmasının ardınca Qərbi azərbaycanlıların da doğma yurdlarına qayıtması üçün qapılar açılmış olacaq. Sadalananların Cənubi Qafqaz üçün faydalı olması nəzərəçarpan əsas məqamdır.

Azərbaycan ərazilərində yaşayan erməni azlığı bu tarixi şansı lazımi səviyyədə dəyərləndirməlidir. Ölkə başçımızın da qeyd etdiyi kimi, erməni azlığı öz seçimini etməlidir: “Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Bu, onların seçimidir…”.

 

Şahin Manafov,

YAP Neftçala rayon təşkilatının üzvü

Bir cavab yazın