Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq
Azərbaycan dövləti hər zaman sülhün, əməkdaşlığın, mehriban qonşuluğun tərəfdarı olub. Beynəlxalq hüququn normalarına və prinsiplərinə böyük hörmət və məsuliyyətlə yanaşan dövlətimiz sülhün təminatı, regionun inkişafına və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi istiqamətində bütün səyləri ilə öz dəstəyini göstərir. Regionda sülhün bərqərar olunması istəyi Azərbaycanın rəsmi mövqeyini əks etdirir.
Bu gün Azərbaycanın beynəlxalq aləmdə əlaqələri getdikcə genişlənir və regiondakı mövqeyi daha da möhkəmlənir. Ermənistan üzərində tarixi Qələbədən sonra respublikamız dünyada qalib ölkə kimi tanınır. Bu şanlı Zəfərdən sonra ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı olan dövlətlərin sayı gündən-günə artmaqdadır. Həm Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, həm də ölkəmizə rəsmi səfərə gələn dövlət başçılarının görüşləri zamanı da bu məqamların şahidi oluruq.
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki Azərbaycanın Ermənistana qarşı hər hansı bir ərazi iddiası yoxdur. Onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik.
Ölkəmizin başçısı müsahibəsində Ermənistanla sülh gündəliyi məsələsinə toxunaraq vacib məqamlara aydınlıq gətirdi. Prezidentin qeyd etdiyi kimi, biz bölgədə davamlı sülhün tərəfdarıyıq. Amma bu bizim zəif olmağımızı göstərmir, əksinə, qarşı tərəf yaxşı bilir ki, biz güclüyük. Sadəcə Azərbaycan tarixin bu qara səhifəsinin bağlanmasını istəyir, ölkəmiz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmir. Prezident İlham Əliyev humanizm prinsiplərinə həmişə sədaqətini nümayiş etdirən Azərbaycanın sülh tərəfdarı olduğunu bəyan etməklə, həm də qətiyyətli şəkildə bildirdi ki, bununla paralel olaraq ölkəmiz getdikcə güclənir, müdafiə imkanlarını artırır.
Cənab Prezident hazırda Qarabağda, müvəqqəti olaraq rusiyalı sülhməramlılarının nəzarəti altında olan ərazidə yaşayan insanlarla bağlı da dəqiq və qətiyyətli mövqe bildirib. Prezident qeyd edib ki, onlar Azərbaycanda yaşayırlar: “Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Biz onlara seçim hüququ veririk. Çünki onlar heç bir hüquqi icazə olmadan ya Ermənistan vətəndaşları olaraq, ya da heç kim tərəfindən tanınmayan dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın vətəndaşları olaraq bizim ərazidə necə yaşaya bilərlər? Hesab edirəm ki, bu, legitim yanaşmadır. Bu yanaşma beynəlxalq təcrübəyə uyğundur. Bu yanaşma separatizmə qarşı mübarizə aparan bir çox Avropa ölkələrində gördüyümüz təcrübəyə uyğundur”. Göründüyü kimi, Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlılarının nəzarəti altında olan ərazidə yaşayanlar seçim etməlidirlər: onlar ya Azərbaycanın qanunlarına tabe olmalı, ya da çıxıb, birdəfəlik Azərbaycandan getməlidirlər”.
Cavad Mirzəyev,
YAP Neftçala rayon təşkilatının sədr müavini