Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Sözügedən Fərmandan irəli gələn vəzifələrn icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb
Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən bir sıra əlamətdar günlər kimi 1 avqust tarixi də Heydər Əliyevin təşəbbüsü ilə və onun 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən ölkəmizdə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd olunur. Hər bir xalqın dili onun milli identikliyini, özünəməxsusluğunu, müstəqilliyini təsdiq və təmin edən vacib dövlət atributlarından biri və ən başlıcasıdır. Ona görə də bir çox xalqların tarixində öz dilini qoruyub saxlamaq uğrunda mübarizə onların azadlıq və müstəqillik uğrunda apardıqları mübarizənin tərkib hissəsi olub. İmperializm dövrünün xarakterik cəhətlərindən biri fəth edilmiş ərazilərdə yaşayan xalqların öz dillərindən istifadə imkanlarını məhdudlaşdırmaq və bu yolla həmin xalqları assimilyasiyaya məruz qoymaqdan ibarət idi. Digər xalqlar kimi bizim tariximizdə də müstəqillik uğrunda mücadiləmiz ana dilimizi qoruyub saxlamaq və inkişaf etdirmək səylərimizlə bərabər davam edib. Çar Rusiyasının tərkibinə qatıldıqdan sonra ərazilərimizdə rus məktəblərinin açılması, Azərbaycan dilində məktəblərin açılmasına, mətbuat orqanlarının təsis edilməsinə qadağalar qoyulması həmin dövrün ziyalılarını narahat edən milli məsələyə çevrilmişdi. Öz zəkası ilə gələcəyi görən və bütün səylərini xalqı hazırlamağa çalışan M.F.Axundov hələ çarizm dövründə Azərbaycanın ilk milli əlifbasını yaratmağa çalışmışdı. Onun ictimai fikrə gətirdiyi milli ideya sonrakı dövrdə milli maarifçilik hərəkatının ilk möhtəşəm dalğasını yaratdı. Bu dalğada milli identiklik uğrunda mübarizəyə qalxan çoxsaylı ziyalılarımız Axundzadənin milli ideyasını milli ideologiyaya qədər inkişaf etdirə bildilər. ictimai-siyasi həyatımızda öz yerini möhkəmlədən milli ideologiyamız isə öz növbəsində ilk müstəqil milli dövlətimizin – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələndi. Axundzadədən müsəlman Şərqinin ilk demokratik respublikasınadək keçilən yol bir neçə cümlə ilə ifadə edilə bilsə də, bu yolda çəkilən zəhmətlər və verilən qurbanlar heç də az olmadı. 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi bu mübarizənin daha səmərəli aparılması üçün yeni imkanlar yaratdı. Azərbaycan dilində məktəblərin sayının artırılması, ana dilimizdə ədəbi-bədii yaradıcılığın geniş vüsət alması, ziyalılarımıza qarşı “millətçilik” damğası ilə aparılan terror siyasətinə son qoyulması da məhz Heydər Əliyev erasının xalqımıza gətirdiyi ilk yeniliklər idi. Bütün bunlarla Heydər Əliyev daha sonrakı məqsədlərə nail olmaq üçün zəmin hazırlayırdı. Hakimiyyətdə olduğu ilk onillik ərzində Heydər Əliyev iqtisadi-sosial inkişaf baxımından 15 müttəfiq respublika arasında geridə qalan Azərbaycanın İttifaqın ən güclü sənaye ölkələrindən birinə çevrilməsini təmin etdi. 1991-ci ildə müstəqilliyimizin bərpa edilməsindən sonrakı dövrdə Heydər Əliyevin yenidən hakimiyyətdə olduğu illərdə də onun ana dilimizə həssas münasibəti həmişə özünü göstərirdi. “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik” deyən Ulu Öndər dilimizin inkişaf etdirilməsi üçün çoxsaylı təşəbbüslər irəli sürdü və həyata keçirdi.
Ümummilli Liderin ana dilimizə həssas münasibəti Prezident İlham Əliyevin apardığı dil siyasətində də davam etdirilir. Bunu ölkə Prezidentinin dilimizin inkişaf etdirilməsi ilə bağlı qəbul etdiyi qərarlar və imzaladığı sərəncamlar bir daha təsdiqləyir. Daim dəyişməkdə olan zaman hər bir xalqın dilini də mütəmadi dəyişikliklərə məruz qoyur. İnnovativ texnologiyaların həyatımıza daxil olması bizim dilimizə də təsirsiz ötüşmür. Bunu nəzərə alan Prezident İlham Əliyev 2018-ci il iyulun 17-də “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzaladı. Bu Sərəncamın icrası Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı isə ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiqləyir. Beləliklə, ana dilimizlə bağlı dövlət səviyyəsində görülən tədbirlər və qəbul edilən qərarlar milli varlığımızın aynası olan dilimizin daim təkmilləşdirilməsini və qorunub saxlanmasını tam təmin edir.
Gülnarə Qasımova,
YAP Neftçala rayon təşkilatının üzvü