27 il düşmən tapdağı altında əzilən, viran qoyulan, lakin bir gün dogma nəfəslərinə qovuşacağına inanan Zəngilan rayonumuz iqtisadi və coğrafi nöqteyi-nəzərdən əlverişli potensiala malikdir. Hər iki tərəfdən müxtəlif ölkələrlə həmsərhəd olan rayon qərbdə dağlıq, şərqdə düzənlik əraziyə malikdir. Bu özəlliklər Zəngilan rayonunun hərtərəfli resurslara malik olması ilə bağlı ilkin təəssüratları formalaşdırır. Rayon iki ölkə ilə qonşu dəhlizlərə malik olmaqla xarici ticarət üçün də unikal imkanlara sahibdir: Tranzit nöqteyi-nəzərdən rayon ölkəmizin ən əhəmiyyətli ərazilərindən birində yerləşir. Şübhə yoxdur ki, həyata keçirilən işlərin nəticəsində Zəngilan rayonu Azərbaycanın beynəlxalq ticarət münasibətlərinin daha da inkişafına töhfə verəcəkdir. Artıq digər işğaldan azad edilmiş ərazilərimiz daxil Zəngilanın da yeraltı və yerüstü sərvətləri ölkəmizin mənafeyinə xidmət edəcəkdir. Belə ki, son 27 ilə yaxın müddətdə düşmənin işğalçılıq siyasəti nəticəsində istifadəsi mümkün olmayan təbii sərvətlərimiz Ermənistanın kriminal hakimiyyəti tərəfindən vəhşicəsinə istismar edilərək, çıxarılaraq digər ölkələrə satılmışdır. Bu gün erməni cəmiyyəti bilməlidir ki, işğal altında olan torpaqlarda istismar olunan sərvətlərdən gələn gəlirlər, heç zaman monoetnik erməni milləti arasında bölüşdürülməyib. Həmin sərvətlər ayrı-ayrı cinayətkar ünsürlərin şəxsi mənafelərinə xidmət edib. Yalnız öz şəxsi mənafeyinə xidmət edən fərdlərin qanunsuz şəxsi yığım, satış və sərvət toplaması hüquqi cəhətdən cinayət predmetidir. Bu gün artıq tarixi torpaqlarımız azaddır. Doğma nəfəslərlə yenidən doğulmuş yurdlarımızın hər yerində xoşbəxtlik hökm sürür. Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəngilan rayonunun işğaldan azad olunması ölkəmizin iqtisadi inkişafını daha da sürətləndirəcəkdir. İqtisadiyyatda tikinti sektorunun drayver roluna malik olduğunu nəzərə aldıqda, daxili tələbin qarşılanmasında Zəngilan rayonunun təbii sərvətləri əhəmiyyətli rol oynacaqdır. Zəngilan rayonunda sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli yatağından istifadə ilə ölkəmiz mineral resurslar ixracını daha da artıracaqdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən dərhal sonra həmin torpaqlarda bərpa və yenidənqurma işlərinə başlanıldı. Tamamilə dağıdılmış rayon və şəhərlərimizdə işğaldan azad edilmiş ərazilərimizin bərpasını və yenidən qurulmasını səmərəli surətdə həyata keçirmək üçün müvafiq inzibati idarəçiliyin qurulması tələb olunurdu. Bu məsələnin həlli üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi institutu təsis edildi. İlk növbədə, Şuşa şəhəri, Qarabağ iqtisadi rayonu üzrə Prezidentin xüsusi nümayəndələri təyin edildi. May ayının 4-də isə cənab Prezident İlham Əliyev Zəngilan rayonuna xüsusi nümayəndəsini təyin etdi. Zəngilan rayonunun işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda strateji əhəmiyyətinə görə seçilməsi ərazinin gələcək prespektivlərini gözlər önünə sərir. Əminliklə demək olar ki, strateji əhəmiyyəti beynəlxalq xarakter daşıyan Zəngilan Zəngəzur dəhlizinin üzərində yerləşməklə Azərbaycan, İran və Ermənistan arasında mühüm beynəlxalq nəqliyyat-tranzit qovşağı olmağa iddialı və potensiallıdır.
Nəriman Məcidov;
Neftçala rayon sakini, müəllim