Loading

İdman tarixən xalqımızın milli-mənəvi dəyərlərindən biri olmuşdur. Bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük inkişafa nail olunmuş, ciddi uğurlar əldə edilmişdir. Uzun illər sovetlər birliyinin tərkibində çıxış edən azərbaycanlı idmançılar möhtəşəm qələbələrə imza atmış, demək olar ki, idmanın əksər növlərində yüksək əyarlı müdallar qazanmışlar. Təəssüf hissi ilə deməliyik ki, müstəqilliyimizin ilk illəri ölkəmizdə həyatın bütün sahələrində ciddi problemlərlə yadda qalmışdır. Bu problemlər idman sahəsindən də yan keçməmişdir. Laqeyd, etinasız münasibət nəticəsində Azərbaycanda uzun illər ərzində qazanılmış idman ənənələrinə ciddi zərbə vurulmuş, mövcud idman infrastrukturu baxımsızlıqdan məhv olmuşdur. Yalnız Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı vəziyyəti kökündən dəyişmişdir. Bütün sahələrdə olduğu kimi idmanın inkişafı üçün də konsepsiya hazırlanmış, prioritetlər müəyyən edilmişdir. Demək olar ki, ölkəmiz qısa zaman kəsiyində tarixi idman ənənələrini geri qaytara bilmiş, idmançılarımız Azərbaycan bayrağı altında Avropa, Dünya çempionatlarında, Olimpiya oyunlarında tarixi nailiyyətlər qazanaraq ölkəmizin adını daim şərəfli tutmağa çalışmışlar. 1997-ci ildə cənab Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi isə bu sahədə verilmiş ən düzgün, doğru qərar kimi tarixə düşmüşdür. Cənab İlham Əliyev praqmatik, gələcəyə hesablanmış addımları nəticəsində çox qısa zaman kəsiyində olimpiya idman növlərinin böyük inkişaf və tərəqqisinə nail olmuşdur. Azərbaycanın idman ailəsi dövlətin bu sahəyə diqqətini ən yüksək şəkildə hiss etmiş, qazandığı uğur və nailiyyətlərlə göstərilən etmadı doğrultmağa çalışmışlar. Bu gün Azərbaycanda çox yüksək səviyyədə yaradılmış idman infrastrukturu mövcuddur. Hazırda Respublikamızın əksər rayonlarında müasir standartlara cavab verən Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. İdman bu gün dövlət siyasətinin tərkib hissəsidir. Təsadüfi deyil ki, Müzəffər Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə 2012-ci il ölkəmizdə “İdman ili” elan edilmişdir. Beynəlxalq yarışlarda, Olimpiya oyunlarında idmançılarmızın uğurları sayəsində üç rəngli bayrağımızın dalğalanması, ildən-ilə yarışlarda qazanılmış medalların sayının artması, bilavasitə ölkəmizin idman ölkəsi kimi tanınmasını şərtləndirir. Artıq dünya Azərbaycanı idman ölkəsi kimi tanıyır və qəbul edir. Təsadüfi deyil ki, Olimpiya oyunlarının vətəni hesab edilən Avropa qitəsində ilk dəfə baş tutan Avropa Oyunları 2015-ci ildə ölkəmizin paytaxtı Bakı şəhərində keçirilmişdir. Əminliklə demək olar ki, bu tarixi hadisə ölkəmizin imza atdığı beynəlxalq miqyaslı uğur və nailiyyətdir. Azərbaycan idmançılarının beynəlxalq idman yarışlarında qazandıqları uğurları şərtləndirən ən mühüm amillərdən biri də məhz, ölkənin birinci şəxsinin onlara xüsusi diqqəti və qayğısıdır. Çünki idmançılar hər zaman cənab Prezidentin diqqət və qayğısını öz üzərlərində hiss edirlər. Qazanılmış tarixi uğurlardan sonra dövlət başçımızın onları şəxsən qəbul etməsi, qələbəyə görə təşəkkür etməsi onlar üçün böyük motivasiyadır. Bu günlərdə Azərbaycanın gənc güləşçilərinin Bolqarıstanda keçirilən Avropa çempionatındakı tarixi uğurları və bu qələbənin cənab Prezident tərəfindən ən yüksək səviyyədə qiymətləndirilməsi hər bir azərbaycanlını qürurlandırdı. Şəxsən bütün idmançıları qəbul edən və onları təbrik edən Ölkə başçısı Azərbaycanda bütün sahələr kimi idman sahəsinə də olan yüksək dövlət qayğısını nümayiş etdirdi. İnanırıq ki, idmançılarımız da onlara göstərilən diqqət və qayğını hər zaman dəyərləndirəcək, Azərbaycanın adını hər yerdə uca tutaraq üçrəngli bayrağımızı hər zaman dalğalandıracaqlar!

 

Şəbnəm Şəlimova

Neftçala rayon sakini

Bir cavab yazın