Hacıqabul rayonunda partlayış olub.
BizimNeftcala.info Teleqraf.com-a məlumatına görə, partlayış SOCAR-a məxsus kəmərdə baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov “Qafqazinfo”ya açıqlamasında qaz boru kəmərində baş verən partlayışı təsdiqləyib:
“Hacıqabulda bizim qaz daşımaları üçün magistral qaz boru kəmərləri çoxdur. Hələlik dəqiq bilmirik ki, partlayış olan hansı kəmərdir. Amma ehtimal olunur ki, bu, qəza qaz anbarına birləşən boru kəmərində baş verib. Qaz-İxrac İdarəsinin rəhbərliyi hazırda hadisə yerinə gedib və dəqiqləşdirmə aparılır. Partlayış yaşayış sahəsindən kənarda baş verib. Buna görə xəsarət alan da yoxdur”.
İ. Əhmədov deyib ki, partlayışa görə həmin ərazidə qaz təchizatında müvəqqəti fasilə yarana bilər.