“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”.
Müasir dövrdə qloballaşma şəraitində qadınların cəmiyyət həyatında fəal təmsilçiliyi, gender bərabərliyi kimi məsələlər bəşəriyyət üçün mühüm aktuallığa malikdir. Hazırda əsas beynəlxalq sənədlərdə, hüquqi-normativ aktlarda cinslər arasında bərabərlik insanın başlıca hüquqlarından biri kimi təsbit edilir. Ümumiyyətlə, qadınların hüquqlarının qorunması cəmiyyətin inkişafında mühüm yer tutur. Ona görə də hazırda dünya dövlətlərinin qarşısında dayanan əsas məqsədlərdən biri cəmiyyətin inkişafında qadınların daha səmərəli fəaliyyəti üçün bərabər imkanların yaradılmasıdır. Təəssüflər olsun ki, dünyanın bir çox yerində hələ də milyonlarla qadın fiziki, psixoloji, iqtisadi və cinsi zorakılıqdan əziyyət çəkir. Beynəlxalq konvensiyalarda da təsbit edilib ki, zorakılığın hər bir növü qəbuledilməz və dözülməzdir. Bu baxımdan, ekspertlər dünya ictimaiyyətinin sözügedən məsələyə həssas yanaşmasının, gender siyasətinin tənzimlənməsinin və zorakılıqla mübarizədə effektiv nəticələr əldə etmək üçün real təşəbbüslərin ortaya qoyulmasının zəruriliyini bildirirlər.
Ümumiyyətlə, gender bərabərliyi və dövlətlərin gender siyasəti ilə bağlı tarixi xronikaya nəzər saldıqda bəlli olur ki, ayrı-ayrı cəmiyyətlərdə qadınlar bu istiqamətdə onilliklərlə davam edən gərgin mübarizə aparmaq məcburiyyətində qalıblar. Seçib-seçilmək, təhsil hüquqları əldə etmək, ictimai-siyasi proseslərdə təmsil olunmaq imkanları, eləcə də ailə mühitində bərabərliyə əsaslanan status qazanmaq kimi məsələləri ehtiva edən bu mübarizə bir çox hallarda istənilən nəticəni verməyib – uğursuzluğa düçar olub. Hələ XIX əsrin sonu – XX əsrin əvvəllərində Avropada və Şimali Amerikada qadın hərəkatı geniş vüsət almışdı ki, onun da başlıca motivini qadınlara səsvermə hüququnun verilməsi təşkil edirdi. Tarixdə “Sufrajistlər hərəkatı” adlanan bu hərəkat bir sıra Qərb ölkələrində qadınların kişilərlə bərabər seçki hüquqlarına sahib olmasınadək davam etdi ki, bu da XX əsrin ortalarını əhatə edirdi.
Azərbaycan 1991-ci ildə bir əsrdə ikinci dəfə dövlət müstəqilliyi əldə etdikdən, daha dəqiq desək 1993-cü ilin iyunundan sonra ölkəmizdə gender bərabərliyinin təmin edilməsi, qadın hüquqlarının qorunması üzrə sistemli, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib, mühüm qanunlar və qərarlar qəbul olunub. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycanda uğurlu gender siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə qadın şəxsiyyətinin önəmini yüksək qiymətləndirib. Ümummilli lider Heydər Əliyevin hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi 1969-1982-ci illərdə respublikamızın sosial-mədəni həyatında qadınların rolu xeyli artıb. Həmin vaxt işləyən qadınların ümumi sayında müəllimlər 47 faiz, həkimlər 60 faiz, tələbələr 43 faiz, elmi işçilər 37 faiz təşkil edirdi. Eyni zamanda müstəqillik illərində də bu siyasət uğurla davam etdirilib və mühüm nailiyyətlər əldə olunub. Bu kontekstdə bir neçə məqama xüsusi olaraq nəzər yetirmək məqsədəmüvafiqdir.
Əvvəla qeyd edək ki, ölkəmizdə qadınların hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş Konstitusiyada da öz əksini tapıb. Buna paralel olaraq Azərbaycan Respublikası gender siyasətinin daha da inkişaf etdirilməsi üçün gender bərabərliyi və qadın hüquqlarının qorunması üzrə bütün mühüm beynəlxalq sənədlərə qoşulub. 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb, 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında”, 2000-ci ildə isə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamları imzalanıb ki, bütün bunlar ölkəmizdə qadın hüquqlarının qorunması, onların cəmiyyətin müxtəlif sahələrində uğurlu iştirakçılığının təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.
Ümumiyyətlə, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizdə qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülüb. 2006-cı ildə dövlətimizin başçısının Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Prezident İlham Əliyevin 9 avqust 2006-cı il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə” təsdiq edilib. Əsasnaməyə əsasən, Komitə ailə, qadın və uşaq hüquqlarının müdafiəsi sahələrində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini, inkişafını təmin edərək qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ilə müstəqil respublikamızın ailə siyasətinin həyata keçirilməsində yeni mərhələnin əsası qoyulub. Komitə bu sahədə Dövlət proqramlarının uğurla reallaşdırılması və digər dövlət qurumları ilə səylərin əlaqələndirilməsi istiqamətində ardıcıl iş aparır. Komitənin fəaliyyətinin əsas istiqaməti həssas qruplardan olan ailələrə, sadəcə, yardım göstərmək deyil, eyni zamanda, onları ictimai həyata cəlb etməkdir.
Azərbaycanda gender siyasətinə dair zəngin hüquqi baza mövcuddur. Azərbaycanda sözügedən istiqamətdə həyata keçirilən səmərəli siyasətin əhəmiyyətli nəticələrindən biri də budur ki, bu sahədə zəngin qanunvericilik bazası formalaşdırılıb. Belə ki, qadın hüquqları həm qanunlar, həm də bir sıra məcəllələrlə (Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və s.) təsbit olunub. Qəbul olunmuş bir sıra Dövlət proqramları, o cümlədən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyətə malik olub. Azərbaycan Respublikası Milli Məclisinin komitələrindən biri ailə, qadın və uşaq məsələlərinin həlli istiqamətində fəaliyyət göstərir. Bütövlükdə isə, cəmiyyətimizdə qadınların ictimai və siyasi fəallığının artırılmasına yönəlik tədbirlər davamlı xarakter daşıyır, yəni mütəmadi olaraq həyata keçirilir. Bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağının artmasında rolu böyükdür. Mehriban xanım Əliyevanın humanitar, elm, təhsil sahələrində həyata keçirdiyi tədbirlər həm Azərbaycanda, həm də başqa ölkələrdə yaşayan qadınlar üçün əsl örnəkdir, eyni zamanda, qadınların cəmiyyətdəki rolunun artırılmasına dəstəkdir. Digər tərəfdən, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu digər sahələrlə yanaşı, qadın hüquqlarının qorunması, qızların təhsilə cəlb olunması üzrə də geniş fəaliyyət göstərir. Fond nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində qadın problemlərinin həlli yönündə tədbirlər həyata keçirir.
Bahar Məcidova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini