Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyənnaməsi icra edilir.
Azərbaycan dövləti Aİ-də təmsil olunan ayrı-ayrı ölkələrlə iqtisadi əməkdaşlığa sahibdir. Xüsusilə 9 üzv dövlətlə strateji tərəfdaşlıq haqqında müqaviləmiz mövcuddur. Respublikamızın Avropada yaxından əməkdaşlıq etdiyi ölkələrdən biri də Slovakiyadır. Mayın 7- də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri geçəkləşdi. Səfər çərçivəsində ikitərəfli münasibətlərin dinamikasından məmnunluq ifadə olundu və perspektiv əməkdaşlığın müxtəlif aspektlərinə aid aktual məsələlərin müzakirəsi aparıldı, həmçinin tətbətək və geniş tərkibdə görüşlər, mətbuata birgə bəyanatlar verildi. Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycan Respublikasına rəsmi səfəri Avropa İttifaqına üzv ölkələr arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqləmiş oldu.
Bu səfər hər iki ölkə arasında əlaqələrin inkişafında yeni səhifə kimi qiymətləndirildi. Görüşdə ik ölkə arasında imzalanan sənədlər həm regional, həm də beynəlxalq əhəmiyyətli idi. Yəni, səfər çərçivəsində Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu qeyd edildi.
Səfər çərçivəsində ölkələrimiz arasında imzalanmış “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” çox ciddi siyasi sənəddir və bu sənəd Azərbaycan-Slovakiya əlaqələrini ən yüksək səviyyəyə qaldıracaq. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında məhz bu sənədin önəmini xüsusi vurğulamışdır.
“Dövlət başçımızın çıxışında Azərbaycanın öz təbii qazını ixrac edəcək 9-cu ölkənin Slovakiya ola biləcəyi barədə maraqlı anons yer almışdır. Məlum olduğu kimi, keçən ilin aprel ayının 25-də Sofiyada Bolqarıstanın “Bulgartransgaz”, Rumıniyanın “Transgaz”, Macarıstanın FGSZ və Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. “Həmrəylik Halqası” ilə Azərbaycan qazının tədarükünü nəzərdə tutan bu memorandum ötürmə sisteminin dörd operatoru və SOCAR arasında Azərbaycandan Avropaya əlavə həcmdə qaz tədarükü üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükləri Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın “Həmrəylik Halqası” adlandırılan və yenilənmiş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcək. Məhz bu sənədin imzalanması ilə Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır”.
Bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. “Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Artıq bu il Avropa ölkələrinə təbii qaz təchizatı 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər isə təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi nəzərdə tutulur. Təbii ki, bu öhdəliyi yerinə yetirmək üçün ölkəmiz təbii qaz hasilatını artırır. Bu məqsədlə yeni yataqlar kəşf olunur və həmin yataqlarda istismar artıq başlanmışdır. Bütün bunlara paralel olaraq Azərbaycan genişmiqyaslı yaşıl gündəliyini də icra edir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması qaza qənaət etmək imkanı yaradacaqdır. Elə bu qənaət olunmuş qazın da əsas ünvanı Avropa olacaqdır. Əminliklə demək olar ki, bu gün Azərbaycan və Slovakiya iki müstəqil siyasət aparan ölkə olaraq qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrini ən yüksək səviyyədə uğurla davam etdirəcəklər”.
Arif Bağırov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri